Ramil Məmmədli: “Bilavasitə Ukrayna tərəfindən neft emalı zavodlarına endirilən zərbələr Putini buna məcbur edib”
Rusiya prezidenti Vladimir Putin neftayırma zavodlarına Ai 95 standartları ilə Ai 92 benzin buraxmaq icazəsi verib.
Maraqlıdır, Rusiya prezidentinin bu qərarı nə məqsəd daşlylr? Bütün bunlar Ukrayna Silahlı Qüvvələrinin son dövrlər ölkənin neftayırma zavodlarına vurduğu ziyanların nəticəsi sayıla bilərmi? Məsələ ondadır ki, Ukrayna ordusu son günlər hücumları nəticəsində hətta Sankt-Peterburqda, Moskvada neftayırma zavodları vurulub.
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli baki-xeber.com-a açıqlamasında bildirdi ki, Rusiyanın məlum qərarı bilavasitə Ukraynanın sistemli hava hücumlarının nəticəsidir: “Rusiya Ukraynanın mülki əhali yaşayan şəhərlərini hədəf alır. Ukrayna isə Rusiyanın neft emalı zavodlarını davamlı olaraq hədəf alır. Məqsəd Rusiya hərbi texnikasının, hava qüvvələrinin yanacaq təminatını iflic etməkdir. Təkcə hərbi yox, həm də mülki əhalinin yanacaq təminatını pisləşdirməkdir. Ukrayna əhəmiyyətli ölçüdə buna nail olub. Rusiyanın bir sıra regionlarında maşınların uzun növbələri yaranıb, yanacaq talonla verilir. İşğal edilən Krım yarmadasına isə, ümumiyyətlə, yanacaq aparmaq mümkün deyil. Moskva və Sankt-Peterburq eşalonlaşmış hava hücumundan müdafiə vasitlərinə malikdir. Ancaq bütün bunlar Moskva şəhərində yerləşən böyük neft emalı zavodunu dron hücumundan qoruya bilmədi və zavod vuruldu. Halbuki, həmin zavod paytaxtın yanacağa olan tələbatının 40 faizini təmin edirdi. Bütün bunlardan sonra Putin məcburən neftayırma zavodlarına Ai 95 standartları ilə Ai 92 benzin buraxmaq icazəsi verib. Yoxsa o, buna getməzdi. Deməyim odur ki, bilavasitə Ukrayna tərəfindən neft emalı zavodlarına endirilən zərbələr Putini buna məcbur edib. Çünki getdikcə ölkə üzrə kəskin yanacaq çatışmazlığı müşahidə edilməkdədir. Halbuki, Rusiya böyük xam neft ixracatçısıdır. Müharibə üzündən ölkənin ən dərinliklərində yerləşən neft emalı zavodları belə, hava hücumlarından sığortalanmayıb. Dəfələrlə Ukrayna ordusu ölkə sərhədindən 1500-2000 kilometr uzaqlıqda yerləşən zavodları vurub. O üzdən, vəziyyət bu templə davam edərsə, Rusiyanı çox ciddi problemlər gözləyir”.
Vidadi ORDAHALLI