1993-cü ilin yayında Cənubi Qafqazda formalaşmış bütün hərbi- siyasi reallıqlar Azərbaycanın əleyhinə idi. Torpaqlarımızın böyük bir hissəsi işğala məruz qalmşdı və cəbhədə ordu günbəgün geri çəkilirdi. Ölkənin müxtəlif bölgələri xarici qüvvələrin təhriki ilə separatçılıq şüarları ilə çıxış edirdilər. Dövlət idarəçiliyi iflic vəziyyətdə idi.
Çaşqınlıq içində olan hakimiyyət hadisələrin arxasınca sürünürdü. Belə bir acınacaqlı vəziyyətdə Qarabağda işğalçılara qarşı döyüşməli olan qoşun komandanı Surət Hüseynov dövlət rəhbərliyinə qarşı qiyam qaldırdı. Bütün bunlar vətəndaş müharibəsinə gətirib çıxardı. Yeganə çıxış yolunu Heydər Əliyevin hakimiyyətə dəvət olunmasında görən xalq xalq ayağa qalxdı və Heydər Əliyev Naxçıvandan Bakıya gələrək 15 iyun tarixində Milli Məclisin sədri seçildi. Həmin gün dövlət müstəqilliyimizin qorunub saxlanması baxımından xalqımızın siyasi tarixində həlledici gün oldu. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın gələcəyi ilə bağlı xalqın inamını özünü qaytardı. 15 iyundan sonra ölkədə və ölkəmiz ətrafında baş verən bütün hadisələr müstəsna olaraq Azərbaycan xalqının xilasına və sonrakı inkişafına xidmət etdi. Heydər Əliyevin rəhbərliyi altında ölkədə hərbi-siyasi böhran aradan qaldırldı, iqtisadi tənəzzül dayandırıldı, hərtərəfli islahatların həyata keçirilməsi ilə müstəqil dövlət quruculuğunun və Azərbaycanın sonrakı inkişafının əsası qoyuldu. Daha sonrakı illərdə Heydər Əliyevin siyasi kursu müstəqil Azərbaycanın davamlı inkişaf strategiyasına çevrildi və Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun şəkildə yaradıcılıqla davam etdirildi. Heydər Əliyev siyasi kursu bütün sonrakı nailiyyətlərimizin əldə olunmasına, o cümlədən torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxardı. Son 33 ildə baş vermiş hadisələrin təhlili göstərir ki, Milli Qurtuluş günü tariximizdə sadəcə bir gün deyil. 1993- cü ilin 15 iyun tarixindən sonra yaşanan hər bir günümüz Milli Qurtuluşun və Milli İstiqlalın davamıdır. Ona görə də xalq hər zaman Heydər Əliyevin xatirəsini ehtiramla anır və dövlətimiz hər addımında Heydər Əliyev siyasi kursuna sədaqətini nümayiş etdirir.
Cavanşir Feyziyev
15 iyun 2026-cı il