Pakistanın Baş naziri , danışıqlarda əsas vasitəçi olan Şahbaz Şərif ABŞ və İranın sülh sazişinin yekun mətni ilə bağlı razılığa gəldiyini təsdiqləyib. "Biz təsdiq edə bilərik ki, yekun, razılaşdırılmış sülh sazişi mövcuddur. Pakistan hazırda növbəti addımları müəyyən etmək üçün hər iki tərəflə sıx əməkdaşlıq edir. Sülh heç vaxt indiki qədər yaxın olmayıb" - deyə o, bildirib.
ABŞ hökumətindəki mənbə AFP-ə bildirib ki, Vaşinqton İranla sülh müqaviləsinin yaxın günlərdə imzalanacağına "80-85 faiz" əmindir. “Reuters” mənbəyə istinadən yazır ki, İranla saziş 14 iyunda — ABŞ prezidenti Trampın 80 illik yubileyində — imzalana bilər.
Bundan əvvəl açıqlama verən Amerika prezidenti Tehranla "möhtəşəm bir razılaşmanın" "ehtimal ki, Avropada" imzalana biləcəyini açıqlayıb. Lakin yubileyi səbəbindən imzalanma mərasimində şəxsən iştirak edə bilməyəcəyini deyən Tramp, mərasimdə vitse-prezident Vensin iştirak edəcəyini deyib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı müzakirələr müqavilənin ikinci, son mərhələsində - münaqişəyə son qoymaq üçün 60 günlük danışıqlardan sonraya planlaşdırılır.
Öz növbəsində, İranın Mehr xəbər agentliyi ABŞ və İran arasında 14 maddəlik saziş layihəsini dərc edib. Sazişə İsrailin Livanı atəşə tutması da daxil olmaqla, hərbi əməliyyatların dərhal və tamamilə dayandırılması, ABŞ qoşunlarının İranla sərhəd ərazilərdən çıxarılması, İran limanlarının blokadasının tamamilə ləğvi və Hörmüz boğazının 30 gün ərzində yenidən açılması daxildir.
Bu arada, İsveçrə müqavilənin imzalanmasına ev sahibliyi etməyi təklif edib. "ABŞ və İranla sıx təmasdayıq. Tərəflər razılığa gələrsə, imzalanma üçün mümkün məkan kimi İsveçrəni təklif etmişik" İsveçrə Xarici İşlər Nazirliyindən bildirilib.
Tahir TAĞIYEV