Qulamhüseyn Əlibəyli: “Ümumilikdə, bu format daxilindəki münasibətlər tam aydınlaşmayıb”
"3+3" regional əməkdaşlıq platforması çərçivəsində növbəti görüş ya Bakıda, ya da İrəvanda keçirilməlidir. Bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
O, bu formatda xarici işlər nazirlərinin son görüşünün 2024-cü ilin oktyabrında İstanbulda keçirildiyini xatırladıb. Qeyd edib ki, növbəti nazirlər görüşü Bakıda, ya da İrəvanda keçirilməlidir: "Ümid edirik ki, azərbaycanlı və ermənistanlı tərəfdaşlarımız operativ şəkildə bu görüşün növbəliliyini, kimin bu tədbiri bu il, kimin gələn il keçirəcəyini müəyyən edə biləcəklər. Biz öz tərəfimizdən həmkarlarımızın qərarını dəstəkləyəcəyik. Bu il Azərbaycan və Ermənistan tərəfi dəfələrlə ikitərəfli görüşlər keçirib. Əbu-Dabidə, Vaşinqtonda və Düşənbədə. Bu cür birbaşa təmaslar məlum məsələnin həllinə də kömək edəcək".
Toplantının harada keçirilməsinin prinsipial bir önəmi yoxdur. Bu görüşlər İstanbulda, Moskvada, Tehranda olub. Təbii ki, növbəti görüşün ya Azərbaycanda, ya da Ermənistanda keçirilməsi ilə bağlı qərar veriləcək. Bunun bir prinsipial fərqi yoxdur və prinsipial bir fərqli nəticə yəqin ki, ortaya qoymayacaq. Əsas prinsipial məsələ bu formatın lazımı nəticə verməsidir. Nəticə yönümlü işlək bir formata çevrilməsidir. Nəticə yönümlü işlək bir formata çevrilməsi də bu formatın tam şəkildə aydınlaşdırılması və səmimi qurulmağından keçir. Məsələn, Gürcüstan-Rusiya münasibətləri qeyri-müəyyən vəziyyətdədir. Azərbaycan-Ermənistan münasibətləri hələ sülh şəraitinə keçməyib. Azərbaycan-İran münasibətləri hələ tam qarşılıqlı səmimi etimad mərhələsinə keçməyib. Çünki Tehran hələ də Azərbaycanın İrana qarşı guya gizli beynəlxalq əməkdaşlıqlar içində olduğu mövqeyindədir, bu iddiadadır. Belə şəraitdə "3+3" formatının hər hansı nəticələr verəcəyini düşünmək çox çətin olur. Onun harada keçirilməsi yox, "3+3" formatı daxilində dövlətlər arasında münasibətlərin saflaşdırılmasına, nəticə yönümlü işgüzar xarakter almasına çox böyük ehtiyac var. Bax bunu necə etmək olar?
“Problem odur ki, format çərçivəsində tərəflər arasında səmimi siyasi münasibətlər yoxdur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, "3+3" formatı neçə ildir mövcud olsa da, işlək bir mexanizmə çevrilməyib: “Bunun da müxtəlif səbəbləri var. Hesab edirəm ki, bunun aradan qaldırılması üçün dövlətlər arasındakı münasibətlərdə bir qədər qarşılıqlı hörmət prinsipinə hörmət olunmalıdır. Bu formatdan regional təhlükəsizlik maraqları üçün istifadə edilməlidir. Ancaq çox təəssüf ki, bir sıra dövlətlər bu formatdan öz məqsədləri üçün istifadə etməyə çalışır. Xüsusən də İran və Rusiya özlərinin məhdud istəklərini reallaşdırmaq üçün istifadə edirlər. Ümumilikdə, bu format daxilindəki münasibətlər tam aydınlaşmayıb. Rusiya regionda qalmaq üçün bu formatdan istifadə etməyə çalışır. Rusiyanın Gürcüstanla münasibətlərinin səbəbləri aydındır və bunu aradan qaldırmaq üçün Tbilisi müəyyən səylər göstərsə də, Moskva hələ də işğal etdiyi əraziləri qaytarmaq barədə düşünmür. Normallaşma istiqamətində o vaxt real addım olar ki, Rusiya işğala son qoysun, Gürcüstanın suverenliyi bərpa olunsun. Rusiya Azərbaycan və Türkiyə ilə münasibətləri hökmlə deyil, qarşılıqlı hörmətə əsasən qurmalıdır. Bütün bunların qurulması çətin görünür. Çünki bu dövlətlər öz dar maraqlarından əl çəkmirlər. Nə qədər ki əl çəkməyiblər, "3+3" formatının harada keçirilməsinin bir əhəmiyyəti yoxdur. Problem odur ki, format çərçivəsində tərəflər arasında səmimi siyasi münasibətlər yoxdur”.
Vidadi ORDAHALLI