ABŞ Suriya paytaxtı Dəməşqdə gizli hərbi baza qurur. “Reuters” agentliyi altı mənbəyə istinadən xəbər verir ki, ABŞ Vaşinqtonun vasitəçiliyi ilə Suriya ilə İsrail arasında əldə edilən təhlükəsizlik sazişini dəstəkləmək üçün Dəməşqdəki bir hərbi hava bazasına qoşun yerləşdirməyə hazırlaşır.
ABŞ, Vaşinqtonun vasitəçiliyi ilə Suriya ilə İsrail arasında əldə edilən təhlükəsizlik sazişini dəstəkləmək üçün Dəməşqdəki hava bazasında hərbi mövcudluq yaratmağı planlaşdırır. Vəziyyətlə tanış olan altı mənbə Dəməşqdə baza planını Əsəddən sonra Dəməşq və Vaşinqton arasında yaxınlaşma kimi dəyərləndirir.
Sözügedən bazanın İsrail və Suriya arasında planlaşdırılan silahsızlaşdırılmış zonaya yaxın olacağı bildirilir.
Tramp bazar ertəsi günü Ağ Evdə Suriya prezidenti Əhməd əl-Şara ilə görüşəcək. Bu, Suriya dövlət başçısının Ağ Evə ilk səfəri olacaq. Görüş zamanı baza ilə bağlı təfərrüatların müzakirə ediləcəyi bildirilir. Qərb və Suriya mənbələri ABŞ-ın potensial Suriya-İsrail razılaşmasına nəzarət etmək üçün bazadan istifadə etməyi planlaşdırdığını təsdiqləyiblər.
ABŞ rəsmilərindən biri, Suriyadakı mövqelərini davamlı olaraq dəyərləndirdiklərini və İŞİD-lə effektiv mübarizə aparmaq üçün bu ölkəyə hərbi qüvvələr yerləşdirəcəklərini bildirib. Rəsmi həmçinin təhlükəsizlik səbəbləri ilə bazanın adının və yerinin paylaşılmamasını istəyib.
İki Suriyalı hərbi mənbə bildirib ki, ABŞ-la texniki müzakirələr bazanın logistika, müşahidə, yanacaqdoldurma və humanitar əməliyyatlar üçün istifadəsinə yönəlib, həmçinin Suriya hökuməti obyekt üzərində tam suverenliyi qoruyub saxlayacaq.
Başqa bir Suriya rəsmisi isə ABŞ-ın uçuş-enmə zolağının istifadəsini C-130 hərbi nəqliyyat təyyarəsi ilə sınaqdan keçirdiyini bildirib. Bazanın girişlərindən birində olan təhlükəsizlik işçisi ABŞ təyyarələrinin "sınaq" məqsədilə eniş etdiyini təsdiqləyib.
ABŞ qoşunlarının bazaya nə vaxt yerləşdiriləcəyi isə hələlik məlum deyil.
TAHİR