Qulamhüseyn Əlibəyli: “ABŞ-ın regiona daxil olmaq istəyi Moskvanın maraqlarına cavab vermir”
“Gözləyirik ki, Ankara və İrəvan arasında sazişlər hazırlanarkən, həm də qonşuların maraqları nəzərə alınsın”. Bunu sentyabrın 18-də brifinq zamanı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsinə münasibət bildirərkən deyib.
Daha sonra Zaxarova bunları qeyd edib: “Ümid edirik ki, Ankara və İrəvan arasında razılaşmalar hazırlanarkən, mövcud reallıqlar və Cənubi Qafqazın qonşularının uzunmüddətli maraqları lazımi şəkildə nəzərə alınacaq. Bunun üçün vacibdir ki, qeyri-regional oyunçuların dağıdıcı müdaxiləsi istisna edilsin və onsuz da mürəkkəb olan danışıqlar prosesi çətinləşdirilməsin”.
Zaxarova əslində bununla nə demək istəyir? Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazın qonşularının uzunmüddətli maraqlarına hansısa problem yaradır ki?
“Türkiyənin Cənubi Qafqazda rolunun güclənməsi nə Rusiyanın, nə də İranın maraqlarına uyğundur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, ümumilikdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması bütövlükdə Cənubi Qafqazda sabitliyə, inkişafa töhfə verəcək: “Bu həm də Zəngəzur dəhlizinin (Tramp yolunu) açılmasına töhfə verə bilər. Rusiya tərəfinin bu bəyanatı bir qədər qəribə səslənir. O mənada qəribə səslənir ki, iki ölkə arasında münasibətlərin normallaşması qonşuların heç birinin maraqlarına toxunmur. Çox güman ki, Zaxarova qonşular deyəndə Rusiya və İranı nəzərdə tutur. Bəli, İran və Rusiyanın Ermənistanda müəyyən maraqları var. Ermənistanın iqtisadiyyatı, dəmiryol infrastrukturu və sərhədlərinin xeyli hissəsi Rusiyanın nəzarəti altındadır. Ermənistanın Türkiyə ilə sərhədlərini Rusiya sərhəd qoşunları qoruyur. Bu mənada Rusiya maraqlıdır ki, Ermənistanda bunlardan məhrum olmasın. Yenə də iqtisadiyyata, nəqliyyat infrastrukturuna təsir göstərmək imkanına malik olsun. Əsasən bunlar Rusiyanın marağındadır. Həm də bununla Rusiya Cənubi Qafqazda ilişib qalmaq istəyir. Çünki başqa bir yolu yoxdur. Nə Gürcüstan, nə də Azərbaycan vasitəsilə Cənubi Qafqazda qala bilmir. Yeganə yol Ermənistan vasitəsilə Cənubi Qafqazda mövcudluğunu təmin etməkdir. Düzdür, son dövrlər Ermənistanla Rusiya arasında müəyyən problemlər mövcuddur. Xüsusən Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaq istəməsi, Qərbə meyllənməsi, o cümlədən bu və ya digər formada ABŞ-ın Cənubi Qafqaza daxil olmaq istəyi Moskvanın maraqlarına cavab vermir. Ermənistanda İranın da maraqları var. Hər vasitə ilə Ermənistana yardım göstərirlər ki, onun vasitəsilə Cənubi Qafqazda müəyyən rol oynasınlar. Zaxarova və digər rus rəsmiləri düşünürlər ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması onların Cənubi Qafqaza təsir imkanlarını azaldacaq. Müəyyən mənada bu real görünür. Çünki Cənubi Qafqazda əsas söz sahiblərindən biri Türkiyədir. Türkiyə maraqlı deyil ki, Rusiya və İran regionda əsas söz sahibi olsun. Təbii ki, Türkiyənin Cənubi Qafqazda rolunun güclənməsi nə Rusiyanın, nə də İranın maraqlarına uyğundur. Ona görə də Moskva ilə Tehran məhz Ankaraya qarşı birgə fəaliyyət göstərirlər. Baxmayaraq ki, Türkiyə Rusiyanın blokadasında, sanksiyalarda iştirak etmir. Əksinə, çalışır ki, Rusiya ilə Ukrayna arasında münasibətlər normallaşsın”.
Vidadi ORDAHALLI