Putin 3-cü dünya müharibəsindən danışdı - təhdid, ya real təhlükə...

İlyas Hüseynov: “Dünyada regionlaşma olması risqi üçüncü dünya müharibəsi risqinin olmasını göstərir”
“Dünyada münaqişə potensialı artır və bu onu narahat etməyə bilməz”. Bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, münaqişə potensialı çoxdur: “Həm də burnumuzun dibində - Ukraynada və Yaxın Şərqdə baş verənlərdən. Və təbii ki, biz İranın nüvə obyektləri ətrafında baş verənlərdən çox narahatıq. Bunun nəyə gətirib çıxara biləcəyindən narahatıq”.
Görəsən, Putinin 3-cü dünya müharibəsi xəbərdarlığı nə qədər real və təhlükəlidir? Ola bilərmi Putin dünyanı qorxudur ki, Ukrayna məsələsini tez həll eləsinlər? Ya doğrudan dünya müharibəsi təhlükəsi var?
“Hazırda nüvə müharibəsi təhdidi mövcuddur, böyük koalisiyaların yaranması müşahidə olunur”
Siyasi şərhçi İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiya-Ukrayna müharibəsi başlayanda, bütün dünyada üçündü dünya müharibəsinin başlayacağı haqqında fikirlər səslənirdi: “Rusiya ilə NATO, o cümlədən, Rusiya ilə Amerikanın birbaşa Ukrayna məkanında görüşməsi, hərbi əməliyyatlara bütün dünyanın şahidlik etməsi ilə müharibənin geniş əhatəli olacağı ehtimal edilirdi. Ancaq sonrakı proseslər elə vüsət aldı ki, Rusiya - Ukrayna müharibəsi kölgədə qaldı. Hazırda Rusiya–Ukrayna müharibəsindən də dəhşətli dağıntılar yaşanmaqdadır. Oktyabrın 7-də Həmasın İsrailə hücumu ilə Qəzza bölgəsində İsrail genişmiqyaslı hərbi əməliyyatlar keçirdi. Ardınca İsrailin İrana hücumu ilə yeni bir münaqişəyə şahidlik edirik. Bu müharibə hazırda bütün dünyada da müzakirə olunur. Yaranan bu ziddiyətlər, çatışmazlıqlar və təhlükəsizliklər fonunda Putin üçüncü dünya müharibəsi ilə bağlı çağırış edir. Əslində, illər sonra bugünkü hadisələr tarix dərsliyinə üçüncü dünya müharibəsi kimi salına bilər. Məlumdur ki, hazırda nüvə müharibəsi təhdidi mövcuddur, böyük koalisiyaların yaranması müşahidə olunur. Dövlətlər təhlükəsizlik axtarışındadır, universal beynəlxalq təşkilatlar və hərbi siyasi bloklar təhlükəsizlik çətirini təmin edə bilmir. Beləliklə, dünyada regionlaşma olması risqi üçüncü dünya müharibəsi risqinin olmasını göstərir. Putin çalışır ki, İsrail-İran müharibəsinin başlaması ilə Rusiya-Ukrayna münaqişəsi müəyyən formada öz həllini tapsın. Bu nəticələrdə Rusiyanın maraqları əldə etdiyi ərazilər qalmaq şərtilə təmin olunsun”.
Günel CƏLİLOVA