Diplomatik korpusun nümayəndələri Laçında olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb. İyunun 20-də diplomatlar Laçında olublar. Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Qonaqlar Laçın Beynəlxalq Hava Limanında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov tərəfindən qarşılanıblar. Hava limanı ilə tanışlıq zamanı yeni inşa olunan aeroport haqqında məlumat verilib.
Diplomatik korpus nümayəndələri sonra “Hoçazfilm” studiyasına, Yurd Qalereyasına, “Lacinema” mərkəzinə baş çəkiblər.
Daha sonra diplomatik korpus nümayəndələrinin Laçın səfəri Seyrangahda davam edib. Laçında fəaliyyətə başlayan mərkəzlərdən biri - "Gilabi Ceramics” də səfər iştirakçılarının marağına səbəb olub, burada ərsəyə gələn əl işlərinin sərgisinə baxış keçirilib.
Səfər zamanı qonaqlar Həkəri çayının Laçın şəhər mərkəzindən keçən sahilində olub, çaya balıq buraxıblar.
Diplomatik korpus nümayəndələrinin səfəri iyunun 21-də Şuşada davam edəcək.
ZÜMRÜD