Rusiya Ukraynada daha bir bölgəni ələ keçirmək üçün hücuma başlayıb. Bu barədə məlumat yayan Rusiya Müdafiə Nazirliyi Ukraynanın şərqindəki Dnepropetrovsk vilayətində yeni hərbi əməliyyatın başladığını açıqlayıb.
Nazirliyin açıqlamasında Rusiya qoşunlarının Ukraynaya qarşı 3 illik hərbi əməliyyatda ilk dəfə Dnepropetrovsk bölgəsinə daxil olduğu qeyd edilib.
AFP-nin məlumatına görə, Rusiya ordusu Donetsk vilayətinin qərb sərhədinə çatıb və Dnepropetrovska daxil olub. Qeyd olunur ki, Rusiya hücumu əsasən tank bölmələri ilə davam etdirir.
İyunun 6-da Donetsk sərhəddindəki Fedorovka kəndinin nəzarətə götürüldüyü açıqlanmışdı. Bu məntəqə Dnepr bölgəsinə gedən yolların kəsişməsində strateji əhəmiyyət kəsb edir.
Cəbhə xətti Dnepr bölgəsinə yaxınlaşdıqca, bölgədə mülki əhalinin təxliyəsi prosesi də genişlənir. Aprelin sonunda Dnepr şərqində, döyüş xəttinə yaxın olan Mejev və Sinelnikovo rayonlarında uşaqlı ailələri məcburi təxliyə qərarı verilmişdi.
Mayın ortalarında Rusiya ordusu Pokrovsk istiqamətində Dnepr sərhədinə 1 kilometr məsafəyə qədər yaxınlaşmışdı. Toqquşmaların şiddətlənəcəyi ehtimalına qarşı yerli hakimiyyət orqanları təxliyələrin ikinci dalğasına başlayıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də Telegram kanalında Dnepropetrovskdakı hücumla bağlı açıqlama verib. Ukraynanın meydanda yeni reallıqlarla qarşılaşacağını bildirən Medvedev, Rusiya ordusunun sahədə hərbi vəziyyəti dəyişəcək hücuma başladığının vurğulayıb.
Ukraynanın danışıqlarda müharibə reallıqlarını qəbul etmək istəmədiyini əsas gətirən Medvedev deyib: "Onlara (ukraynalılara) dəfələrlə xəbərdarlıq edilib. Danışıqlarda müharibə reallıqlarını qəbul etmək istəməyənlər meydanda yeni reallıqlarla üzləşəcəklər. Silahlı Qüvvələrimiz Dnepropetrovsk vilayətində hücuma başlayıb".
ABŞ mərkəzli müharibə monitorinqi təşkilatı Müharibə Araşdırma İnstitutu (ISW) qeyd edib ki, Dnepropetrovsk bölgəsi Rusiya üçün həyati hədəfdir. ISW-nin məlumatına görə, bölgə Rusiyanın nəzarətinə keçərsə, Moskvanın “yay hücumu” sürətlənə bilər. ISW-nin Ukrayna müharibəsi ilə bağlı 7 iyun hesabatında deyilir ki, Rusiya yayda hücumlarını artırmaq üçün ordusunun logistika xətlərini təkmilləşdirib və cəbhə xəttinə yeni qoşunlar göndərib.
Hərbi analitiklər bildirirlər ki, Dnepropetrovsk Ukraynanın şərqindəki ən kritik bölgələrdən biridir. Ukrayna ordusunun bölgədəki ən böyük logistik mərkəzləri arasında yer alan bölgə Rusiyanın irəliləyişinin dayandırılmasında mühüm rol oynayırdı.
TAHİR