SEPAH və Azərbaycan ordusu Qarabağda birgə təlimlər keçirir

İranın “Tasnim” agentliyi xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Azərbaycan ordusu Qarabağda birgə hərbi təlimlər keçirir. "Bazar günü Azərbaycan Respublikasının işğaldan azad etdiyi Qarabağ bölgələrində "Aras 2025" kod adlı birgə təlimlər başlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu quru qoşunlarının və Azərbaycan Respublikası Ordusunun xüsusi təyinatlı birləşmələrinin iştirak edəcəyi hərbi təlimlər mayın 21-dək davam edəcək", - deyə İran mətbuatı yazır. İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunları komandanının əməliyyatlar üzrə müavini və birgə təlimlərin komandiri general Vəli Mədəni bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələri təlimlərdə iştirak etmək üçün İranın şimal-qərbindəki Ərdəbil əyalətindəki Bileh Savar quru sərhəd keçid məntəqəsini keçiblər. “Bu hərbi təlimlər ümumi sərhədin təhlükəsizliyinin gücləndirilməsi və mümkün təhlükələrə qarşı mübarizədə mühüm addımdır”, - deyə Vəli Mədəni əlavə edib.
Surxay Əliyev