XII Qlobal Bakı Forumunun təşkilinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm.
Trend xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə verdiyi açıqlamasında Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovskaya-Davkova bildirib.
"Bura toplaşmaq imkanı yaratdığına görə, həmçinin sülhlə bağlı məsələləri, eyni zamanda müharibə ilə bağlı məsələləri – təbiətlə müharibə, xalqlar arasında müharibə - müzakirə edə bildiyimiz bu vacib forumu təşkil etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana təşəkkür edirəm. Bu qlobal problemlərin həlli istiqamətində ilk addımı atmaq üçün şansdır", - deyə o bildirib.
Prezident dünyanın böyük faciənin astanasında olduğunu bildirib.
"Bugün dünyada və Birləşmiş Millətlər Təşkilatında baş verənlər təkcə böyük maraq doğurmur, həm də ciddi narahatlıq yaradır. İnsanlıq neçə dəfə 'Bir daha müharibə olmayacaq' deyib və hər dəfə bu vədi pozub, ", - deyə Prezident bildirib.
Silyanovska-Davkova vurğulayıb ki, forum çərçivəsində BMT-nin statusu da daxil olmaqla bir çox aktual problemləri müzakirə etmək mümkündür.
"Mən gələcəyin gündəminə həsr olunmuş paneldə iştirak edəcəyəm. Əgər biz indiki yolumuzla davam etsək, bu gələcəyin necə olacağını düşünməliyik. Həmçinin enerji, rəqabət və tərəfdaşlıq məsələləri diqqət mərkəzində olacaq. İnsanlığı yalnız tərəfdaşlıq xilas edə bilər, əks halda bizi daha da dərin parçalanmaya aparan təhlükəli bir yol gözləyir", – deyə dövlət başçısı bildirib.