Arzuxan Əlizadə: “Paşinyanın dəhliz məsələsində müqavimət imkanları elə də geniş deyil”
“Ermənistan hakimiyyəti Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına qayıtmaq variantını nəzərdən keçirmir”. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O, bununla bağlı deyib ki, sənədin 8 bəndi icra edilmədiyi üçün 9-cu bənd səbəbindən həmin sənədə qayıtmaq təəccüb doğurur: “İrəvan öz imzasından ona görə imtina etmir ki, hazırda sənədin kənarda qalan hər hansı müddəası mövcud deyil və bu reallıqdır”.
Qriqoryan, həmçinin, ölkənin Konstitusiyasının yeni mətnindən 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinin çıxarılmayacağı barədə xəbəri təsdiqləməkdən imtina edib.
Ermənistan tərəfi bununla, faktiki olaraq, 10 noyabr 2020-ci il üçtərəfli razılaşmanın 9-cu bənddə Naxçıvana maneəsiz yol öhdəliyindən imtina edir. Bu, həm də üçtərəfli bəyanatdan imtina etmək deməkdir.
“Hamımız görürük ki, ABŞ-la Avropa İttifaqı arasında son günlər nələr baş verir”
Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan hakimiyyətinin üçtərəfli razılaşma ilə bağlı belə mövqe sərgiləyəcəyi gözlənilən idi: “Çünki Ermənistan 4 ildən çoxdur üzərinə götürdüyü öhdəliklərə əməl etmir. 10 noyabr razılaşmasında qeyd edilirdi ki, Rusiya sülhməramlıları Qarabağa yerləşdikdən sonra erməni silahlı birləşmələri oranı tərk etməlidir. Ancaq nəinki erməni separatçıları bu öhdəliyə əməl etmədilər, əksinə, bir az da silahlandılar. Laçın dəhlizi vasitəsi ilə Qarabağa silah və mina daşınması həyata keçirildi. Bütün bunlara 19-20 sentyabr 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları ilə son qoyuldu. İndi Ermənistanın əsas məqsədi odur ki, üçtərəfli razılaşmanın 9-cu bəndini iqnor etsin. Çünki orada qeyd edilir ki, Mehridən keçən və Naxçıvanı Azrbaycanın materik hissəsi ilə birləşdirən yola Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qüvvələri nəzarət edəcək. Bu, konkret olaraq üçtərəfli razılaşmanın 9-cu bəndində öz əksini tapıb. Nə Paşinyan hakimiyyəti, nə də Qərb bunu istəyir. Çünki onlar istəmir ki, Zəngəzur dəhlizinə Rusiya nəzarət etsin. Bax, məsələ budur. Ancaq Demokratlar Partiyasının hakimiyyətdən getməsi, Donald Trampın Ukrayna ilə bağlı sərgilədiyi siyasət onu göstərir ki, Paşinyanın dəhliz məsələsində müqavimət imkanları elə də geniş deyil. Hamımız görürük ki, ABŞ-la Avropa İttifaqı arasında son günlər nələr baş verir. Paşinyan onlara arxalanaraq indiyə qədər yayına bilib. Ona görə də Ermənistan nə qədər tez reallıqları dərk etsə, bu, bir o qədər onların xeyrinə olacaq. Sonra gec olacaq. Bir sözlə, Zəngəzur dəhlizi açılmalıdır”.
Vidadi ORDAHALLI