Bu günlərdə Azərbaycan öz ərazilərində lokal xarakterli antiterror əməliyyatlarına başlarkən Avropa İttifaqının (Aİ) müxtəlif strukturlarında kök atan erməni lobbistləri və “sorosçular”Azərbaycana qarşı qarayaxma kampaniyasına başladılar.
Məlum olduğu kimi, Avroittifaqın 27 dövlət adından Azərbaycanı pisləyən bəyanatı da qəbul olunacaqdı. Ancaq Macarıstan nümayəndəsi buna veto qoydu və qurum adından Azərbaycan əleyhinə bəyanatın verilməsinə imkan vermədi.
Burada təəccüb doğuran məqam odur ki, Bakıya gələrkən yüksək səviyyədə olan Aİ-Bakı əlaqələrindən dəm vuran, suverenlikdən və beynəlxalq hüquqdan danışan Aİ ölkələrinin əksəriyyəti bu məsələdə Macarıstanın göstərdiyi cəsarəti və qətiyyəti göstərə bilmədi. Xüsusən də Aİ-də Azərbaycandan qaz idxal edən və yaxın tərəfdaşlıq münasibətlərinə malik olan ölkələr veto hüququndan istifadə etmədilər. Əksinə, bəyanata səs verdilər. Məsələn, Bolqarıstan, İtaliya, Rumıniya. Niyə?
“Ancaq müzakirələrdə Bolqarıstan, İtaliya, Rumınıyanın sərgilədiyi mövqe o anlama gəlməməlidir ki...”
Sözügedən məsələyə aydınlıq gətirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Avropa İttifaqının 27 dövləti adından Azərbaycana qarşı qətnamə qəbul etmək istəyi əsasən oradakı aparıcı dövlətlərin təşəbbüsüdür. Əsasən də Fransadan qidalanırlar. Macrıstanın buna veto qoyması ölkəmizə yönəlik qətnamənin qəbul olunmasını önlədi. Çünki Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu ilə iştirak edən dövlətdir. Macarlar tarixən özlərini Atillanın nəvələri, Hun dövlətinin davamçısı hesab edirlər. Bundan başqa, Macarıstanın dövlət marağı da Azərbaycanla üst-üstə düşür ki, Türk dünyası ilə daim əlaqələri inkişaf etdirsin. Qaldı ki, Azərbaycandan qaz idxal edən bir sıra dövlətlərin bu məsələdə susmasına, bu təəssüf doğurur. Ancaq müzakirələrdə Bolqarıstan, İtaliya, Rumınıyanın sərgilədiyi mövqe o anlama gəlməməlidir ki, bu ölkələrdə Azərbaycanı istəyən, ölkəmizlə əməkdaşlığa tərəfdar olan qüvvələr yoxdur. Belə qüvvələr var. Sadəcə olaraq sözügedən ölkələrdə çoxpartiyalı sistem olduğuna və onların bir hissəsi erməni lobbisi ilə əlaqələrə malik olduğuna görə belə mənzərə yaranıb. Yəni həmin ölkələr bu səbəbdən bəyanata qarşı çıxmayıblar. Bir şey də var ki, ermənilər dünyaya saxta təbliğatla özlərini yazıq, zəif və guya blokadaya alınan bir xalq kimi təqdim edirlər. Fikrimcə, bu kimi informasiyalar da dövlətlərin mövqeyinə təsir edir. Aİ-də bəyanatla bağlı müzakirələrdə yaranan vəziyyət həm də bununla bağlıdır. O üzdən, bizim diplomatlar, o ölkədəki səfirliklərimiz geniş təbliğat işi aparmalıdılar. Həqiqəti həmin dövlətin vətəndaşlarına, siyasilərinə çatdırmalıdılar. Yalnız o halda erməni yalanlarının qarşısını almaq olar. Ancaq bütün hallarda Azərbaycan müasir dövrdə təklənmiş dövlət deyil. Azərbaycanın haqq işi dünya dövlətləri tərəfindən müdafiə olunur. Həm BMT-də, həm Aİ-də, həm də Avropa Şurasında. Ona görə də Azərbaycan öz haqq işi uğrunda mübarizəsini davam etdirir və bu mübarizədə də yeni-yeni uğurlar qazanacaq. Son hadisələr də bunu göstərdi ki, Qərb ölkələri toplaşmaq, bəyanat verməkdən o tərəfə keçə bilmirlər. Hansı dövlət öz problemini özü həll etmək gücünə malikdirsə, o, problemlərini həll edəcək. Azərbaycan da artıq bu gücə malikdir”.
Vidadi ORDAHALLI