AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Hüseyn Hüseynov Azərbaycan Milli Mətbuat Günü münasibətilə "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Aydın Quliyevi və kollektivimizi təbrik edib.
Təbrik mətnində deyilir:
"Hörmətli Aydın müəllim! 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən 151 il ərzində şərəfli inkişaf yolu keçmiş, cəmiyyətimizin maariflənməsinə, milli özünüdərkin formalaşmasına, dövlətçilik ənənələrinin möhkəmlənməsinə və ictimai fikrin inkişafına böyük təsir göstərmişdir. Bu gün media cəmiyyətin operativ, obyektiv və etibarlı informasiya ilə təmin olunmasında, milli-mənəvi dəyərlərimizin, elmimizin, təhsilimizin və mədəniyyətimizin təbliğində mühüm missiya yerinə yetirir. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının fəaliyyətinin geniş ictimaiyyətə çatdırılmasında, elmi biliklərin və kitab mədəniyyətinin təbliğində göstərdiyiniz diqqət və səmərəli əməkdaşlığa görə sizə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, qarşılıqlı əməkdaşlığımız bundan sonra da uğurla davam edəcək, ölkəmizdə elmin, mədəniyyətin və informasiya məkanının inkişafına öz töhfəsini verəcəkdir. Sizi və rəhbərlik etdiyiniz kollektivi 22 İyul - Milli Mətbuat Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bütün media nümayəndələrinə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, obyektivlik, peşəkarlıq və yeni uğurlar arzulayıram. Qələminiz iti, fəaliyyətiniz daim uğurlu olsun!".