Məhəmməd Əsədullazadə: “Sanksiyalar Rusiya iqtisadiyyatına, hərbi fəaliyyətinə ciddi mənfi təsir edəcək”
ABŞ Senatına Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə qanun layihəsi təqdim olunub. Yeni qanun layihəsi Rusiyanın ali siyasi və hərbi rəhbərliyinə, o cümlədə prezdent Vladimir Putinə, Rusiya banklarına, eləcə də Mərkəzi Bank, Sberbank, VTB və Qazprombanka həmçinin Rusiyanın müdafiə, enerji və nəqliyyat sektorundakı şirkətlərə sanksiyaların tətbiqini nəzərdə tutub.
Sanksiyalar həmçinin Rusiyanın neftini, qazını, kömürünü, uranını və digər sanksiya altındakı məhsullarını daşıyan gəmilərə də aid ediləcək. Rusiyanın hərbi-sənaye komplekslərini tədarük edən xarici vətəndaşlar və şirkətlər də sanksiya altına düşəcəklər. Layihəyə əsasən, ABŞ vətəndaşları və şirkətlərinə Rusiya iqtisadiyyatına investisiya qoyması və Rusiyanın dövlət borclarını alması tam qadağan ediləcək. Üstəlik, Rusiyanın neft və qazını alaraq Moskvanın sanksiyalardan yan keçməsinə kömək edən ölkələrin məhsullarına isə 100% tarif tətbiq ediləcək.
Birləşmiş Ştatlar sözügedən sanksiyaları qəbul etsə, bunun Rusiyaya, bu ölkənin Ukraynada apardığı müharibəyə nə kimi praktiki təsirləri olacaq?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, ABŞ-ın Rusiya ilə bağlı sözügedən sanksiyaları təsirsiz ötüşməyəcək: “Bu, artıq ABŞ-ın Rusiya-Ukrayna müharibəsində vasitəçiliyindən çıxması anlamına gəlir. ABŞ-ın birtərəfli şəkildə Ukraynanı dəstəkləməsi deməkdir. Təbii ki, sanksiyalar Rusiya iqtisadiyyatına, hərbi fəaliyyətinə ciddi mənfi təsir edəcək. Hesab edirəm bu sanksiyalar Vaşinqton-Moskva siyasi münasibətlərinə ciddi zərbə vuracaq. Həmçinin müharibənin gedişinə müsbət təsir edəcək. Ukraynanın mövqeyi güclənəcək. Rusiyanın təcrid edilməsinə gətirib çıxaracaq. Bütün sanksiyalar Rusiya hərb maşınının Ukrayna ərazilərində irəliləyişini kifayət qədər azaldacaq. Çünki bu sanksiyalar çox böyük sanksiyalardır, miqyası genişdir. O baxımdan Senatın müzakirəsinə çıxarılan sanksiyalar Rusiyanın danışıqlar masasına əyləşməsinə hesablanıb. Nəzərə almaq lazımdır ki, Rusiya Ukrayna müharibəsi daha da şiddətlənir. Rusiya iqtisadiyyatına, enerji infrastrukturuna sarsıdıcı zərbələr endirilir. Yeni sanksiyaların tətbiqi Rusiyanı dalana dirəyəcək. Nəticədə növbəti mərhələdə Rusiya danışıqlar masasına oturmağa məcbur olacaq. Yəni praktik olaraq bu sanksiyalar müharibənin gedişində Ukrayna və danışıqlar prosesinin başlanması üçün mühüm əhəmiyyət kəsb edir”.
Vidadi ORDAHALLI