Ramil Məmmədli: “Bir sıra amillər son günlər İordaniyanın İranın əsas hədəfinə çevrilməsinə öz təsirini göstərib”
ABŞ-İran münaqişəsinin hazırkı fazasında prosesin ağırlıq mərkəzinin İordaniyanın üzərinə düşdüyü müşahidə edilir. İran zərbələrinin əsas hissəsini məhz bu ölkədəki ABŞ bazalarına yönəldir. Bazaların birində dəyəri 21 milyon dollar olan bir neçə “Black Hawk” vertolyotunun zədələndiyi xəbərləri yayılıb. Ölən və yaralananlar da var.
Maraqlı məqamlardan biri İranın daha çox raket və dronunun ABŞ-ın müdafiə sistemini yarıb keçə bilməsidir.
Başqa bir tərəfdən, hazırkı mərhələdə İordaniyanın Vaşinqton üçün əhəmiyyəti xeyli artıb. ABŞ Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi və Qətərin narazılıqlarından sonra həmin ölkələrdəki hərbi qüvvələrinin bir qismini məhz İordaniyaya köçürüb.
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli baki-xeber.com-a açıqlamasında İordaniyanın hədəf alınmasını bir sıra amillərlə əlaqələndirdi: “Bunun başlıca səbəbi onunla əlaqədardır ki, Bəhreyn, BƏƏ və Qətər İordaniya ilə müqayisədə coğrafi baxımdan İrana daha yaxındılar. Bu səbəbdəndir ki, fevralın 28-də başlayan və aprelin 7-də başa çatan ABŞ-İran müharibəsində bu ölkələr daha çox zərbəyə məruz qaldı. Bu ölkələrdə yerləşən bazalardan ABŞ geniş istifadə etdiyi üçün İran bu ölkələrə ciddi zərbələr endirdi. Nəinki həmin ölkələrdə yerləşən ABŞ bazalarına, mülki infrastruktura, neft anbarlarına İran zərbələr endirdi. ABŞ-ın hava hücumundan müdafiə vasitələri Körfəz ölkələrini bu zərbələrdən qoruya bilməsi. İranın mülki infrastruktura endirdiyi zərbələrdə məqsədi o idi ki, Bəhreyn, BƏƏ və Qətərdə Birləşmiş Ştatlara qarşı narazılıq artsın. İran müəyyən mənada buna nail oldu. Nəticədə ABŞ raket və hərbi aviasiyanın əsas hissəsini İordaniyaya köçürməli oldu. İordaniya digər nefti olan ərəb dövlətləri qədər varlı deyil. Çünki nefti yoxdur. Digər tərəfdən ABŞ hər il İordaniyaya, Misirə maliyyə yardımı edir. Üstəlik, bilavasitə ABŞ-ın vasitəçiliyi ilə 1994-cü ildə İordaniya ilə İsrail arasında sülh sazişi imzalandı. Bu baxımdan ABŞ-ın İordaniyaya təsiri böyükdür. İran İsrailə PUA və balestik raketlər atarkən onların bir hissəsi İordaniya üzərində zərərsizləşdirildi. Bütün bunlar son günlər İordaniyanın İranın əsas hədəfinə çevrilməsinə öz təsirini göstərib”.
Vidadi ORDAHALLI