2024-2025-ci illər arasında Bakı və Əbu-Dabidə gizli diplomatik görüşlər keçirilib. Bu barədə məlumat yayan "The Times" qəzeti bildirir ki, bu görüşlər Rusiya ilə Ukrayna arasında müharibə başladıqdan sonra Kremllə əlaqəli şəxslərlə gizli şəkildə əlaqələri bərpa etmək məqsədi daşıyıb.
Qeyd edilir ki, Almaniya nümayəndə heyətinə Ronald Pofalla (Angela Merkelin keçmiş aparat rəhbəri) və Mattias Platçek (Brandenburqun keçmiş baş naziri) daxil olub. Rusiya nümayəndə heyətindən isə yalnız Prezident yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyevin adı çəkilir.
Almaniya hökuməti bu gizli danışıqlardan qəti şəkildə uzaqda duraraq, bunların sırf özəl təşəbbüslər olduğunu, dövlətin iştirakı və ya rəsmi icazə olmadan təşkil olunduğunu açıqlayıb.
Bu arada, Azərbaycan Prezidenti İlham Əliyev də iyulun ortalarında Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüşün keçirildiyini təsdiqləyib. İnterfax xəbər verir ki, Prezident İlham Əliyev Bakıda görüşün keçirildiyini, lakin Azərbaycan hakimiyyətinə görüş və ya onun məzmunu barədə məlumat verilmədiyini bildirib. Prezident bu barədə Berlində Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında məlumat verib.
Dövlət başçısının sözlərinə görə, Almaniya nümayəndələri iyulun 12-də Berlindən gələn reyslə Bakıya gəliblər və iyulun 14-dək Azərbaycanda qalıblar. Rusiyanın keçmiş baş naziri Viktor Zubkov və Prezident yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev də iyulun 12-də Moskvadan Bakıya gəlib. "Onlardan biri iyulun 13-də, digəri isə iyulun 14-də Azərbaycanı tərk edib" - deyə Azərbaycan Prezidenti bildirib.
"Biz görüş haqqında nə Rusiyadan, nə də Almaniyadan heç bir məlumat almışıq. Ölkəmizin ərazisi xəbərimiz olmadan bu görüş üçün istifadə edilib. Həmçinin, biz orada iştirak etmədiyimiz üçün bu görüşün məzmunu barədə heç nə deyə bilmərəm. Lakin uçuş məlumatları mənə gizli görüşün Bakıda keçirildiyi qənaətinə gəlməyə imkan verir", - deyə Prezident Əliyev bildirib.
O əlavə edib ki, əgər bu cür təmaslar Rusiya ilə Ukrayna arasında müharibənin sona çatmasına töhfə verə bilərsə, Azərbaycan bu cür səyləri yalnız alqışlaya bilər.
"Məqsədimiz bu münaqişəyə mümkün qədər tez son qoymaq və regionda sülhü bərpa etməkdir", - deyə Prezident qeyd edib.
Almaniya kansleri Merts isə görüş barədə heç nə bilmədiyini deyib.
Tahir TAĞIYEV