“Le Figaro” qəzetində 92 fransız senatorunun Prezident Emmanuel Makrona ünvanladığı açıq məktub dərc edilib. Məktubda senatorlar E.Makrona uğursuz siyasətini sadə və sərt şəkildə izah edirlər:
“Bu gün Niger, dünən Mali, Mərkəzi Afrika Respublikası, Burkina-Faso Fransa və onun qoşunlarını, şirkətlərini rədd etdi. Afrikada bu hərəkat böyüyür, hətta Kot-d'İvuar kimi bizə yaxın ölkələrdə belə Fransa əleyhinə aksiyalar keçirilir. Dost qitə olan Afrika, deyəsən, Fransanı başa düşməyi dayandırıb və onun roluna, mövcudluğuna getdikcə daha çox meydan oxuyur. Parisin Afrika ilə hərbi, siyasi və mədəni əməkdaşlıq sahəsində uğursuzluqları qitədə nəinki antifransız əhval-ruhiyyənin güclənməsinə, həm də Rusiya, Çin və ABŞ-ın təsirinin artmasına səbəb oldu”, - deyə senatorlar bildiriblər.
Fransanın Afrikada nüfuzunun belə sürətlə aşağı düşməsi təsadüfi deyil. Prezident İlham Əliyev bir sıra beynəlxalq tədbirlərdə Fransanın Afrikada işğalçılıq siyasətini, soyqırımlar törətməsini gündəmə gətirərək ifşa edib. Məsələn, ötən il noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında şıxış edən Prezident İlham Əliyev bəyan edib ki, Fransa Əlcəzairdə törətdiyi soyqırımlara görə cavab verməlidir.
Daha sonra bu ilin iyununda Bakıda Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə bildirib ki, Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir: “Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”.
Bütün bunlardan sonra sanki hadisələr üst-üstə düşüb. O mənada ki, Afrika ölkələrində Fransaya qarşı fəaliyyət güclənib. Faktiki olaraq Fransa prezidenti Emmanuel Makron Afrika ölkələrində boykot edilir.
Bütün bu deyilənlərin fonunda, maraqlıdır, Fransa Afrikadan niyə belə biabırçı şəkildə qovulur?
“Prezident İlham Əliyev bir neçə beynəlxalq tədbirdə bunları gündəmə gətirib”
Sözügedən məsələyə aydınlıq gətirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bunu bir sıra faktorlarla əlaqələndirdi: “Əvvəla, Fransanın uzun illər apardığı siyasət müstəmləkəçi, sömürgəçi bir siyasətdir. Fransa hər il Afrikadan 500 milyard dollarlıq sərvəti talayır. Bu da, əlbəttə ki, Afrikanın günü-gündən yoxsullaşmasına səbəb olub. Görünən odur ki, Afrika xalqları Fransanın bu istismarçı siyasətini artıq anlayıblar. Sözügedən ölkələrin ağır duruma düşməsinin səbəbkarının Fransa olduğunu anlayırlar. Burada digər faktorlar da var. Məsələ ondadır ki, Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində keçirilən toplantılarda Fransanın Afrika ölkələrində törətdiyi soyqırımları gündəmə gətirməsi də buna öz təsirini göstərib. Məsələ ondadır ki, Prezident İlham Əliyev bir neçə beynəlxalq tədbirdə bunları gündəmə gətirib. Eyni zamanda çox önəmli tarixi məqamlara toxunub. Ona görə də həmin ölkələr daha cəsarətlə Makron hakimiyyətinin üzərinə gedirlər. Başqa bir tərəfdən, digər güclərin – Çinin, Türkiyənin, Rusiyanın Afrikaya gəlişi də müəyyən qədər Fransanın təsirini azaldır. Fransanın yırtıcı, yaramaz siyasətini ifşa edir. İnsanlar alternativ informasiya aldıqca, nə baş verdiyini anlayır. Bu baxımdan da Fransa müstəmləkəçiliyi iflasa uğrayır. Nəzərə almaq lazımdır ki, son 100 ildə Fransa müstəmləkəçiliyi gizli şəkildə yürüdür. Maliyyə, iqtisadi yollarla ölkələri özlərindən asılı duruma salırlar. Siyasi baxımdan dövlətlərə müstəqillik verib, iqtisadi baxımdan onları istismar edirlər. Görünən odur ki, getdikcə bu siyasət ifşa olunur. İfşa olunduqca da Afrika ölklərində Fransaya qarşı nifrət daha da artır. Bütün bunların nəticəsidir ki, Afrikada Fransaya qarşı fəaliyyət daha da güclənir. Anqlosaks faktorunun da geosiyasi baxımdan burada rolu var”.
Vidadi ORDAHALLI