2020-ci ilin 17 oktyabrında ölkənin hər yerində Füzulinin azad olunmasının qələbə sevinci yaşanırdı. Prezident İlham Əliyev rayonun erməni işğalçılarından təmizləndiyi xəbərini vermişdi. Bu tarixdən etibarən füzulililərin torpaq həsrəti bitdi, azərbaycanlılar üçün daha bir şərəfli səhifə açıldı. Füzulinin ardınca növbəti rayonumuzun, Zəngilanın azadlıq xəbəri də verildi.
Füzuli Vətən müharibəsinin gedişində Hadrut qədər çətin döyüşlər gedən ərazi idi. Ona görə də ona “döyüşən şəhər” adı verildi. Cənab Prezident İlham Əliyev müharibə gedən ərəfədə Füzuli əməliyyatının hərbi kitablara salınacağını bildirməklə, bu döyüşlərin ağırlığını, necə bir qəhrəmanlıqla qazanıldığını xalqın təsəvvüründə canlandırırdı və yaddaşında əbədi möhkəmləndirirdi. Onu da qeyd edək ki, Füzulinin işğaldan azad olunması erməni ordusunun sıralarında fərariliyin və ruh düşkünlüyünün vüsət almasına səbəb oldu.
Məlumat üçün bildirək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Beləliklə, püşkatmada iştirak etmiş ailələr qısa müddətdə Füzuli şəhərinə yola salınacaqlar.
"Füzuli şəhərinə köçlə bağlı bir neçə gün əvvəl püşk atıldı, zaman-zaman öz doğma yurdlarından didərgin düşən insanlar geri qayıdacaq"
Mövzu ilə bağlı əslən Füzulidən olan Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanovla həmsöhbət olduq.
- Məlumdur ki, Füzuli şəhərinə qayıdışa start verilir. Bu haqda nə deyərdiz?
- Doğma evlərinə qayıdan insanlar sevinən kimi sahibləri qayıdan ev-eşik də sevinir. Çöl-bayır da doğma insanların hənirini alır, otun, ağacın, çöldəki quşların yaddaşı təzələnir. Füzulidə sıfırdan infrastruktur yaradılır. Məqsəd geri dönən insanların çörəyini öz zəhmətilə qazanmasına şərait yaratmaqdır. Həm də bu rayonda olan maddi nemətlərin bütün vətəndaşlarımıza çatdırılmasını təmin etməkdir. Sabah qusarlının da, bakılının da, naxçıvanlının da, astaralının da, gədəbəylinin də gedib Füzulidə istirahət etməsi onun halal-hümmət haqqıdır. Füzulinin yenidən qurulmasında Azərbaycanın hər yerindən əmək adamları çalışır.
- Artıq Böyük Qayıdışın ilkin mərhələsinə başlanır. Bu, ölkəmizin qarşısında hansı imkanlar açır?
- Hazırda işğaldan azad olunan Füzuli rayonundayam. Yeni şəhər işğaldan əvvəlki şəhərlə müqayisədə daha geniş əraziyə malik olacaq. Şəhərdə çoxmərtəbəli binalar ilə yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. Bir az öncə yeni tikilən binaların yanından keçdim. Böyük fəxr hissi keçirdim. Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Burda olmağımın səbəbi işğaldan azad olunan ərazilərdə minalarla bağlı monitorinq keçirməyimizdir. Məlumdur ki, işğaldan azad olunan ərazilərdə yenidənqurma işləri aparılır. Əhalinin tez bir zamanda köçməsi üçün lazımi işlər görülür. Artıq Ağalı, Talış kəndlərinə insanlar köçürülür. Eyni zamanda, Laçın şəhərinə də vətəndaşlar köçürülür. Füzuli şəhərinə köçlə bağlı bir neçə gün əvvəl püşk atıldı. Zaman-zaman öz doğma yurdlarından didərgin düşən insanlar geri qayıdacaq.
- Qarabağa qayıdacaq hər bir şəxsin bir qayıdış ssenarisi olur. Bəlkə də geri dönəndə bu ssenari tamam unudulacaq, amma yenə nələrsə planlaşdırılır. Siz nə edəcəksiniz ilk dəfə? Hara gedəcəksiniz?
- Təbii ki, mən də öz yurduma geri qayıtmaq istəyirəm. Bu haqda mənim planlarım, fikirlərim var. Geri qayıdacaq hər bir şəxs o torpaqlara həyat qaytaracaq. Ancaq onu da deyim ki, yeni reallıqları da nəzərə almaq lazımdır. Çünki hər şey əvvəlki kimi olmayacaq. "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyası ilə böyük işlər görülür. Buna görə reallıqları nəzərə almaq lazımdır.
- Hafiz müəllim, Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədrisiz. Minatəmizləmə ilə bağlı ciddi işlər görülsə də, mina problemi azad edilən ərazilərdə aktual olaraq qalır. Mina faciəsindən necə xilas ola bilərik?
- Ermənilərdən "miras" qalan mina bəlasından yalnız maariflənmə ilə xilas ola bilərik. Keçmiş cəbhəyanı ərazidə yaşayan insanlar, infrastruktur layihələrinin icrasına cəlb olunmuş insanlar maarifləndirmə tədbirlərinə ciddi yanaşmalı və təlimlərə tabe olmalıdır. Özfəaliyyət ilə məşğul olmamalıdırlar. İnsanlarımız icazə verilməyən ərazilərə getməməlidirlər. Nəzərə almaq lazımdır ki, minatəmizləmə çox vaxt və vəsait tələb edən məsələdir. Biz təəssüf ki, hər həftə mina qurbanlarının xəbərini alırıq. Ona görə də, indiki vəziyyətdə bizim edəcəyimiz dövlət və cəmiyyət olaraq maarifləndirməkdir. İnsanlar başa düşməlidir ki, bir nəfərin minaya düşməsi yalnız onun ölümü və ya şikəst qalması demək deyil. Ümumilikdə, cəmiyyətin və dövlətin problemidir
Günel CƏLİLOVA