Ermənistanın Azərbaycanla sərhəddə tikintisini apardığı metallurgiya zavodu tezliklə başqa əraziyə köçürülə bilər. Məlumata görə, hökumət Azərbaycanın narazılığına səbəb olan zavodu Ararat şəhəri ilə bitişik əraziyə köçürmək istəyir. Artıq bununla bağlı məlumatlar artır. Belə məlum olur ki, Azərbaycanın etiazları artıq öz nəticəsini verir.
Məlumat üçün qeyd edək ki, Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri hesab edilən zavod 16500 kvadratmetr sahədə tikilirdi. İllik istehsal gücü 180000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda, Arpaçayın çirklənməsinə gətirib çıxara bilər. Tikiləcək zavodun fəaliyyəti nəticəsində havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi təsir göstərəcək. Həmçinin metallurgiya zavodu fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq.
“Dünya təşkilatları həmin zavodla bağlı edilən şikayətləri dinlədi və monitorinq apardılar”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Qabil Hüseynlinin fikrincə, Ermənistanın geri addım atmasında Azərbaycanla yanaşı, Türkiyənin də rolu olub: “İlk əvvəl Azərbaycan buna etiraz etdi. Daha sonra Türkiyə bu etirazlara qoşuldu. Əsas məsələ odur, dünya və beynəlxalq ekologiya təşkilatlarına sübut edildi ki, tikiləcək metalurgiya zavodunun tullantılarının hamısı Araz çayına axıdılacaq. Araz çayından da içməli suyu əsas istifadə edən dövlət Azərbaycandır. Azərbaycan Araz çayından həm içməli su üçün, həm də əkin sahələrinin suvarılması üçün istifadə edir. Bununla yanaşı, həmin zavod Naxçıvanın ekologiyasında ciddi fəsadlar törədə bilərdi. Ona görə də dünya təşkilatları həmin zavodla bağlı edilən şikayətləri dinlədi və monitorinq apardılar. Daha sonra bu qərara gəldilər ki, yeni tikilən metalurgiya zavodu hazır olandan sonra onun tullantıları Araz çayına axıdıla bilər. Bu da böyük ekoloji fəlakətə səbəb ola bilər. Ona görə də Ermənistanın geri addım atmasında Azərbaycanın fəallığı mühüm rol oynadı. Azərbaycan hökuməti layihənin transsərhəd təsiri ilə bağlı suallar tam aydınlaşdırılana və adekvat şəkildə baxılana qədər Ermənistan tərəfindən zavodun tikintisinin dərhal dayandırılmasını tələb edib. Məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibinə də müvafiq bildiriş ünvanlanıb. Bundan başqa, Ermənistan tərəfindən Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən bəyanatlar imzalanıb. Görünən odur ki, Azərbaycanın bu yöndə çevik və sistemli fəaliyyəti öz nəticəsini verdi”.
Vidadi ORDAHALLI