“...İndi transsərhəd təhlükələri mütləq nəzərə alınmalıdır və Azərbaycanın burada sərgilədiyi mövqeyi yenə də beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara əsaslanır, o cümlədən Espo Konvensiyasına, bunu hər kəs internetdə açıb baxa bilər. O göstərir ki, transsərhəd çayların çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın müəssisələrin, ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması qonşu ölkələrlə mütləq razılaşdırılmalıdır və biz bunu Ermənistandan tələb edirik. Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Ona görə mən hesab edirəm ki, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır. Bizim vətəndaş cəmiyyətimiz bu addımı atır, çox yaxşı, amma baxmaq lazımdır rəsmi xətlə, yəni dövlət xətti ilə hansı təşkilatlara hansı müraciətlər ünvanlanmalıdır ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin. Əgər onlar hansısa müəssisə yaratmaq istəyirlərsə, bizim buna, əlbəttə ki, münasibətimiz ola bilməz. Onların daxili işidir. Amma əgər bu müəssisə bizim sərhədimizin 500 metrliyində yerləşirsə, orada təhlükəli maddələrdən istifadə ediləcəksə və bu maddələr yenə də Araz çayına, Oxçu çayına töküləcəksə, bu bizim məsələmizdir. Biz buna necə imkan verə bilərik? Əlbəttə ki, biz bu məsələləri qanun çərçivəsində, beynəlxalq konvensiyalar çərçivəsində, diplomatiya çərçivəsində mütləq diqqətdə saxlamalıyıq. Ona görə bu tapşırığı verirəm, siz baxın, hansı hüquqi yollar var ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin”. Bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Bildirək ki, iyulun 7-də 24 Azərbaycan qeyri-hökumət təşkilatı Ermənistan Respublikasının dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə Baş nazir Nikol Paşinyana açıq məktub göndərib. “Biz, aşağıda imzası olan Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozmaqla, Ermənistan Respublikasının dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı dərin narahatlığı ifadə edən bu məktubu sizə ünvanlayırıq.
Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının da ölkədə genişlənən ekoloji problemlərlə bağlı artan həyəcanını diqqətlə izləyir, onların da dərin narahatlığını bölüşürük. Davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid deyil, həm də qonşu ölkələrə böyük təhlükədir. Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını risqə atır. Biz beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılmasını tələb edirik”.
Vətəndaş cəmiyyəti instititunun təmsilçiləri Ermənistan Respublikasını regionda ekosistemi ciddi şəkildə korlayan müəssisələrin fəaliyyətini dərhal dayandırmağa çağırıb. Məktubda 12 fakt yer alıb.
Qeyd edək ki, bundan əvvəl, yəni iyunun 8-də Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşasının layihəsi ilə əlaqədar Bakıda ekoloji yönümlü QHT-lər yeni ekoloji fəlakətə yol açacaq bu layihə əleyhinə birgə bəyanat səsləndiriblər. Bəyanatı 25 təşkilat imzalayıb.
Prezidentin vurğuladığı kimi, xarici QHT-lər də Azərbaycan QHT-ləri ilə birgə Ermənistanı ekoloji terror dayandırmağa çağırıb. Məlum olduğu kimi, bu ilin iyun ayının 29-da bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bəyanat yayıblar. Bəyanatda deyilirdi:“Vətəndaş cəmiyyəti təşkilatları olaraq biz, aşağıda imza edən şəxslər, böyük bir metallurgiya zavodunun tikintisinə etirazımızı və dərin narahatlığımızı ifadə edən birgə bəyanat yayırıq. Ermənistan Respublikasının Azərbaycan Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə tikintisi aparılacaq Ermənistan və ABŞ-ın birgə layihəsi olan metallurgiya zavodu 16500 kvadratmetr ərazini əhatə edir və illik istehsal gücünün 180000 ton olacağı gözlənilir. Təəssüflər olsun ki, bu layihə yeni ekoloji fəlakətə səbəb olacaq və buna görə də biz öz narahatlıqlarımızda həmrəyik.
Bu irimiqyaslı metallurgiya zavodunun yaradılması beynəlxalq səviyyədə qəbul edilmiş standart və prinsiplərə, xüsusən də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasında (Espo Konvensiyası) ifadə edilənlərə açıq şəkildə məhəl qoymur. Espo Konvensiyası ekoloji məsələlərin milli sərhədləri aşdığını ifadə edir və bu məsələlərin transsərhəd bir neçə dövlətə təsir etdiyi halda beynəlxalq danışıqların zəruriliyini vurğulayır…”
Bu müraciəti də 32 QHT nümayəndəsi imzalayıb ki, onların sırasında xeyli sayda xarici QHT də var.
Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanda QHT-lərin Ermənistanın bölgədə yaratdığı ekoloji təhdidlə əlaqədar Nikol Paşinyana müraciəti, o cümlədən Ermənistandakı dağ-mədən sənayesi müəssisələrinin ağır fəsadları barədə ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin ucaltdığı səslə bağlı fikirlər səsləndirdi.
“Artıq mətbuatdan eşidirik ki, Ermənistanın bir çox vətəndaş cəmiyyəti nümayəndələri də bizim qaldırdığımız məsələni dəstəkləyir”
”Sağlamlığa Xidmət” İB-nin İcraçı direktoru Pərvanə Vəliyeva “Bakı-Xəbər”ə bildirdi ki, ölkə başçısı tərəfindən bu məsələnin yenidən aktuallaşdırılması çox müsbətdir. “Biz bir müddət əvvəl 20-dən çox vətəndaş cəmiyyəti fəalı, ictimai səhiyyə üzrə ekspertlərlə birgə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana müraciət ünvanlamışdıq, açıq məktub ünvanlamışdıq. Bu məktubu göndərməkdə məqsədimiz ondan ibarət idi ki, Ermənistan Respublikasının dağ-mədən sənayesində aparılan işlərin qeyri-şəffaflığı, hesabatlılığın olmaması və burada heç bir beynəlxalq ətraf mühit üzrə norma və standartların gözlənilmədiyi kimi məsələləri onun diqqətinə çatdıraq. Məsələ ondan ibarətdir ki, transsərhəd kontekstlərdə ətraf mühitin qiymətləndirilməsi üzrə BMT-nin 1991-ci ildə qüvvəyə minən Espo konvensiyası var. Espo konvensiyasının tələblərinə əsasən hər hansı bir sərhəddə, məsələn Azərbaycanın, yaxud Ermənistanın, eləcə də qonşu ölkələrin sərhədində ətraf mühiti təhdid edəcək hər hansı bir tikintidən söhbət gedirsə, mütləq həmin ölkələrin razılığı olmalıdır. Eyni zamanda ictimaiyyət bu tikinti barədə məlumatlandırılmalıdır, onlarla dialoqa gedilməlidir. Həmin konvensiyanın tələblərindən biri də odur ki, təsirə məruz qalmış adlamların fikirləri öyrənilməli və onlarla dialoqa girilməli və qərar qəbul etmə prosesinə onlar da cəlb edilməlidir. Lakin indiyə qədər Azərbaycan tərəflə heç bir razılıq əldə olunmadan Azərbvaycan Respublikası ərazindən keçən və Xəzər hövzəsinə tökülən çayların Ermənistanın dağ-mədən sənayesi müəssisələrindən axıdılan tulantılarla çirkəndirilməsi bugünə qədər də davam edir. Həmçinin Ermənistan-Azərbaycan sərhədində Arazdəyən yaşayış məntəqəsində tikintisi nəzərdə tutulan iri metallurgiya zavodunun tikintisi ilə də bağlı Azərbaycan tərəfi ilə heç bir danışıq aparılmayıb və razılıq əldə olunmayıb. Bununla da Ermənistan təksə Espo konvensiyasının deyil, BMT-nin transsərhəd çaylar konvensiyasının da əleyhinə çıxıb, bu konvensiyaların tələbini kobud şəkildə pozub. Halbuki, həm Azərbaycan, həm də Ermənistan bu konvensiyaya qoşulan tərəflərdir, bu istiqamətdə də konvensiyanın tələbləri yerinə yetirilməlidir. Transsərhəd kontektdə çaylar konvensiyası isə tələb edir ki, çaylara qarşı təhdid yarada biləcək müəssisələrin tikintisi nəzərdə tutulursa bu ölkələr arasında razılıq əldə olunmalıdır. Məktubumuzda qeyd olunan 12 faktın hər birində açıq-aşkar görünür ki, çaylarımız zəhərlənir, çirklənir. Həkəri çayı, Bazar çayı, Arpa çayı, Karvan çayı, Kür çayı, Bərgüşad çayı çirklənir. Zod qızıl yatağından axıdılan tulantı nəticəsində bir çox çaylar çirklənir. Amuldağ qızıl yatağının fəaliyyətində çox ciddi fəsadlar var ki, dünya ictimaiyyəti susmayıb, buna qarşı səsini qaldırıb. Yəni beynəlxalq qurumlar tərəfindən də fəaliyyətinə dəfələrlə etiraz edilmiş, əleyhinə qərarlar qəbul edilmiş Amuldağ (Amulsar) qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları da Bərgüşad (Vorotan) çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını çirkləndirir. Təsadüfi deyil ki, bir müddət əvvəl 60-dan çox vətəndaş cəmiyyəti fəalı Ermənistanın Prezident Adminstrasiyası qarşısında piket keçiriblər, plakatlar qaldırıb etirazlarını bildiriblər. Eyni zamanda bir neçə beynəlxalq təşkilat da öz veb saytlarında bununla bağlı press-relizlər yayıb və qeyd ediblər ki, Amuldağ qızıl yatağının fəaliyyəti ilə bağlı səsini qaldıran vətəndaş cəmiyyəti fəallarının səsi boğulub və onlar hədələnib, onlara cəza verilib”.
İctimaiyyətdən gələn bu etirazların qarşısının alınması üçün də Ermənistan hökumətinin süni şəkildə qanunvericiliyə müəyyən maddələr əlavə etdiyini qeyd edən P.Vəliyevanın sözlərinə görə, qanunvericilikdə dəyişiklik, ora maddələrin əlavə edilməsi belə həmin yataqdan ətrafa yayılan zəhərin, çirkli maddələrin atmosferi zəhərləməsinin qarşısını ala bilməz. Bunun bir reallıq, fakt olduğunu deyən P.Vəliyeva qeyd etdi ki, Ermənistanın qızıl yataqlarında qeyri-şəffaflıq hökm sürür, heç bir standart gözlənilmdən işlər aparılır. Q cümlədən, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri” var, 2030-cu ilə qədər bütün ölkələr həmin məqsədlərə nail olmaq üçün çalışırlar. BMT təmiz havanı, təmiz suyu əsas insan hüququ kimi tanıyıb. Bunun müqabilində Ermənistanın heç bir norma gözləməməsi, sənaye müəssisələrinin fəaliyyətini davam etdirməsi, eyni zamanda insanların sağlamlığını təhdid altında qoyması elə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin də pozulması deməkdir.
Biz Ermənistanın Baş nazirinə ünvanladığımız müraciətə müsbət cavab gözləyirik. Artıq mətbuatdan eşidirik ki, Ermənistanın bir çox vətəndaş cəmiyyəti nümayəndələri də bizim qaldırdığımız məsələni dəstəkləyirlər, öz sosial şəbəkə hesablarında Ermənistanın ətraf mühit üzrə cinayətlər törətməsini pisləyirlər və bizim müraciətimizdə yer alan fikirlərlə həmrəy olduqlarını yazırlar. Təbii ki, fikrimizcə, ekologiya ilə bağlı məsələlərdə heç bir siyasi məsələ gözlənilmədən hər kəs öz həssaslığını nümayiş etdirməlidir. Çünki atmosferimiz də birdir, eyni regionda yaşayırıq, müəyyən bir regionda hər hansı bir çirklənmə, ekosistemi təhdid edən hal baş verirsə, hökmən bütün ekofəallar bir-biri ilə həmrəy olmalıdır” - deyə P.Vəliyeva qeyd etdi.
İradə SARIYEVA