ABŞ-ın İranın xam neft tankerlərini hədəf alması regional gərginliyi artırıb və İrandan yeni bir cavab hücumuna səbəb olub. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın beş İran tankerini hədəf almasına cavab olaraq Hörmüz boğazında iki ABŞ gəmisini, səkkiz tankeri və on digər gəmini hədəf aldığını açıqlayıb.
Açıqlamada bölgədə iki ABŞ gəmisinin və səkkiz tankerin hədəfə alındığı, hərəflərə ağır ziyan dəydiyi, həmçinin ABŞ ordusunun təşviqi və dəstəyi ilə Hörmüz boğazındakı qadağan olunmuş ərazidən keçməyə çalışan 10 gəminin də hədəfə alındığı bildirilib.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki hərbi gəminin - USS Delbert D. Black (DDG-119) və USS John Paul Jones (DDG-53) - hücumlarda vurulduğu və əhəmiyyətli dərəcədə ziyan gördüyü iddia edilir.
Açıqlamada Hörmüz boğazına nəzarətin İslam İnqilabı Keşikçiləri Korpusunun donanmasının əlində olduğu vurğulanıb. İran İnqilab Keşikçiləri Korpusu və İran Silahlı Qüvvələrinin ABŞ-ın istənilən hərbi təcavüzünə cavab verməkdə qərarlı olduğu vurğulanıb və İranın düşmənlərinə "səhv hesablamalardan çəkinmək" barədə xəbərdarlıq edilib.
İranın ABŞ hərbi gəmilərinə ciddi ziyan vurduğu iddiası hələlik ABŞ hakimiyyəti tərəfindən təsdiqlənməyib.
İran İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri ABŞ-ın bir neçə İran neft tankerinə hücumlarından sonra Bəhreyn və Küveyt limanları yaxınlığındakı neft tankerlərini hədəf alacağını açıqlayıb və təxliyə xəbərdarlıqları edib.
Xəbərdarlıqda ABŞ hücumlarında iştirak etməkdə ittiham olunan Küveyt və Bəhreyn limanları yaxınlığındakı neft tankerlərindən personalın təxliyəsi tələb edilib və bildirilib ki, bu tankerlər limanda və ya lövbərdə olmalarından asılı olmayaraq hədəfə alınacaq.
Bundan başqa, SEPAH ABŞ-ın hücumlarına cavab olaraq İordaniyadakı Əl-Əzraq bazasında yerləşən ABŞ qüvvələrinin bərk və maye yanacaqla işləyən ballistik raketlərlə hədəf alındığını açıqlayıb. Bazaya İrandan 20 ballistik raketin atıldığı bildirilir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) SEPAH-ın son iki gündə ABŞ hərbi gəmisini iki dəfə ballistik raketlərlə hədəf aldığını iddia edib və bu uğursuz hücum cəhdlərinə cavab olaraq İranın beş xam neft tankerinin vurulduğunu açıqlayıb.
Tahir TAĞIYEV