Rusiyanın nüfuzlu “Kommersant” qəzetində dərc olunan məqalədə qeyd olunub ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşə Fransa prezidenti Emmanuel Makron da qoşulmaq istəyib, amma Azərbaycan buna etiraz edib:
“Əvvəlcə cənab Makron Ermənistan-Azərbaycan görüşünün moderatoru kimi həmkarı Mişellə birlikdə Brüsselə uçmaq niyyətində idi. İddialara görə, fransızların simasında öz mövqeyinə ağır dəstək görən İrəvan bunda israr edib. Lakin Bakı neytral vasitəçi sayılmayan Fransa liderinin gəlişinə qarşı çıxıb. Bununla belə, tərəflərdən heç biri bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib”.
Bunun nə dərəcədə dəqiq olduğunu demək çətin olsa da, reallıq ondan ibarətdir ki, ötən ilin dekabrında Azərbaycan Fransanın danışıqlara qoşulmasına etiraz edib. Bu səbəbdən dekabrda görüş alınmadı. Azərbaycanın belə mövqe sərgiləməsi Fransanın tərəf tutması ilə bağlıdır.
Bütövlükdə, Azərbaycanın Makronun danışıqlarda iştirakına qarşı olmasının əsasları nədən ibarətdir?
“Rəsmi Bakının bununla bağlı mövqeyi dövlətimizin milli və təhlükəsizlik maraqlarına adekvat olan bir mövqedir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bunu bir sıra faktorlarla əlaqələndirdi: “Fransa prezidenti Makronun hakimiyyəti dövrundə rəsmi Parisin məlum münaqişənin doğurduğu reallıqlara münasibəti qərəzli olub. Parisin sərgilədiyi qərəzli, qeyri-obyektiv mövqe onun Brüsselin vasitəçiliyi ilə keçirilən göruşdə kənarda qalmasının əsas səbəblərindəndir. Ermənistanın özü tərəfindən belə rəsmən tanınmayan üzdəniraq “DQR”in “müstəqilliyinin” Fransa Senatı tərəfindən tanınması Azərbaycanın dövlət suverenliyinə təhdid anlamında qəbul olunur. Məhz Makronun iqtidarı dövrundə, özu də bu günlərdə Fransanın Ermənistana yeni növ silah və sursatların göndəriləcəyi ilə bağlı qərarı dünyaya demokratiya dərsi keçən Parisin beynəlxalq hüquq sayqısızlığından başqa bir şey deyil. Baxmayaraq ki, Fransanın özünün də dəstəklədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistanın təcavüzkar mövqeyi öz hüquqi qiymətini alıb. Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsini qurmasını da rəsmi Bakının suveren hüququ kimi qəbul etməyən Makron iqtidarının mövqeyində qərəz özünu qabariq şəkildə büruzə verib. Bütün bunların fonunda, özu də Azərbaycanda 7 mindən yuxarı Fransa şirkətinin çalışdığı, ABƏŞ-də nəhəng Total şirkətinin təmsil olunduğu şəraitdə Makronun siyasəti qəbuledilən deyil. Fransanın dövlət maraqlarına cavab verməyən siyasətinin müqabilində onunla bu sahədə əməkdaşlıq Azərbaycana xeyirli olmayacaq. Bu baxımdan rəsmi Bakının bununla bağlı mövqeyi dövlətimizin milli və təhlükəsizlik maraqlarına adekvat olan bir mövqedir”.
Vidadi ORDAHALLI