Məlum həqiqətdir ki, bu gün Ermənistan Qərb və Rusiya arasında yeni çəkişmə poliqonuna çevrilib. Hətta hadisələr indiki templə davam edərsə, Ermənistanın bir ölkə kimi gələcəyi böyük sual altına düşəcək. Təəssüf ki, qonşu Gürcüstan da son dövrlərdə Qərbin və Rusiyanın yeni çəkişmə məkanına çevrilməkdədir.
Qeyd edək ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpa olunmasına dair birtərəfli qərarını elan edib. Belə ki, Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə fərman imzalayıb. Sənədə əsasən, Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağa aradan götürülür. Rusiya vətəndaşları da mayın 15-dən Gürcüstana 90 gün müddətinə vizasız gedə biləcəklər. Bundan əlavə, Rusiya XİN ölkə vətəndaşlarının Gürcüstana səfərdən çəkinməsinə dair tövsiyəsini ləğv edib. Rusiya aviaşirkətləri Moskvadan Tiflisə həftədə 7 reys həyata keçirəcək. Hazırda Moskva-Tbilisi reyslərinin açılmasına hazırlıq gedir. Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili bildirib ki, ölkəsi Rusiyanın bu ölkə ilə viza rejiminin ləğv etməsi qərarını alqışlayır. Onun sözlərinə görə, Rusiya Federasiyasında bir milyondan çox Gürcüstan vətəndaşı yaşayır. Nazir qeyd edib ki, onların Gürcüstanda yaşayan qohumları və yaxınları ilə çox sıx əlaqələri var: “Qərar vətəndaşlarımızın gündəlik həyatını asanlaşdıracaq”. Amma ölkə prezidenti və müxalifət fərqli mövqedədir. Elə bu da Gürcüstanda parçalanmaya yol açıb. Həmçinin Qərb məsələyə sərt reaksiya verməkdədir. Gürcüstan prezidenti Salome Zurabişvili, ölkənin üç müxalifət partiyası, Avropa İttifaqı və ABŞ Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasına etiraz bildiriblər. Gürcüstan hökuməti isə Rusiyanın qərarını dəstəklədiyini bildirib. Bununla belə, Avropa İttifaqı onun üzvü olmaq istəyən Gürcüstana Rusiyaya qarşı aviasiya sanksiyalarını dəstəkləməyə çağırıb. Bu isə o deməkdir ki, Tiflis Rusiya təyyarələrinin Gürcüstana və Gürcüstan təyyarələrinin Rusiyaya uçuşlarına icazə verməməlidir. ABŞ Dövlət Departamenti bildirib ki, Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpası, Gürcüstan Rusiyanın sanksiya siyahısında olan hava şirkətlərinin təyyarələrinə xidmət göstərərsə, Tiflisə qarşı ikincili sanksiyaların qoyulması ilə nəticələnə bilər. ABŞ Dövlət Departamentinin bəyanatında bu xüsusda deyilir: “Bütün Qərb icması özünü bu qəddar rejimdən kənarlaşdırıb. İndi Rusiya ilə qarşılıqlı münasibətləri aktivləşdirməyin vaxtı deyil”. Gürcüstan prezidenti Salome Zurabişvili hələ mayın 10-da Putinin qərarını Gürcüstana qarşı “növbəti təxribat” adlandırmışdı. O demişdi ki, bu gün Gürcüstana Rusiyadan hər hansı hədiyyələr və ya güzəştlər lazım deyil və işğalçı tərəfindən belə bir jest yersiz və qeyri-məqbuldur: “Rusiyanın daha bir təxribatı. Nə qədər ki, Ukraynada münaqişə davam edir və Gürcüstanın ərazi bütövlüyü bərpa edilməyib, Rusiya tərəfindən viza rejiminin ləğv edilməsi və birbaşa hava əlaqəsinin bərpa edilməsi qəbuledilməzdir”. Salome Zurabişvili ölkə hökumətini Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi məsələsinə baxılmasına çağırıb. Zurabişvili bu məsələdə onunla hökumət arasında fikir ayrılığının müzakirəsi üçün Milli Təhlükəsizlik Şurasının iclasının çağırılmasını istəyib. Rusiya ilə birbaşa hava nəqliyyatının bərpasına qarşı Gürcüstanın üç siyasi partiyası çıxış edib. Bunlar Mixail Saakaşvilinin Vahid Milli Hərəkat, “Droa” və “Lelo” partiyalarıdır. Müxalifət partiyaları iddia edirlər ki, Rusiya hökuməti bu qərarı Gürcüstanın hakim “Gürcü arzusu” partiyası ilə məsləhətləşmədən sonra qəbul edib. “Droa” partiyası xəbərdarlıq edib ki, Gürcüstanda işləməyə çalışan hər hansı Rusiya hava şirkəti fiziki müqavimətlə üzləşəcək. Amma Gürcüstan hökuməti Rusiya ilə birbaşa hava əlaqəsinin bərpasını dəstəkləyib. Hakim “Gürcü arzusu” partiyası bəyan edib ki, iki ölkə arasında birbaşa uçuşların olmamasına görə “milyonlarla gürcü” əziyyət çəkir. Partiya bunu da vurğulayıb ki, Gürcüstan ölkə iqtisadiyyatına ziyan vurulmaması üçün Rusiyaya qarşı sanksiyalar elan etməyəcək. Gürcüstan məsələləri haqqında yazan bloger Nikolay Levşits bildirib ki, Moskvanın Ukraynaya müdaxiləsinin başlanmasından keçən bir ildə Gürcüstanın Rusiyadan idxalı 79 faiz, Rusiyaya ixracı isə 61 faiz artıb. Levşits yazır ki, Gürcüstan Rusiya ilə əməkdaşlıq yolunu tutub və bunu fakt kimi qəbul etmək lazımdır.
Amma ABŞ və Avropa İttifaqı fərqli mövqedədir. Onlar Gürcüstanın da Rusiyaya qarşı sanksiyalara qatılmasını istəyirlər. Lakin “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bəyan edib ki, Rusiyaya qarşı birbaşa ikitərəfli sanksiyaların tətbiqi Gürcüstanın özünün cəzalandırılması olacaq: “Biz Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyəcəyik, biz öz ölkəmiz və xalqımızı cəzalandırmayacağıq, ona görə də biz heç bir bu cür qərarlar qəbul etməyəcəyik”. Kobaxidze müxalifət tərəfindən səsləndirilən ittihamların “rusiyameyilli hökumətə” “hədiyyə” olmasına dair ittihamlarını absurd adlandırıb: “Biz Rusiyaya qarşı sanksiyaların tətbiqinin Gürcüstan iqtisadiyyatı ilə nələr edəcəyini hesabladıq. Məsələn, bizdə ötən il ikirəqəmli iqtisadi artım oldu, 10 fazdən də çox. Amma əgər biz öz sanksiyalarımızı tətbiq etsə idik, bizdə ikirəqəmli, ən azı 10-18 faizlik iqtisadi geriləmə olardı. Onlar ölkəni viran qoymaq istəyirdilər, lakin onlarda alınmadı, çünki biz qəti mövqe tutduq“. Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edb ki, Rusiya tərəfindən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi müsbət faktdır, çünki bu, gürcüstanlıların səfərlərini və biznes aparmasını sadələşdirəcək: “Humanitar nöqteyi-nəzərdən bu, əlbəttə ki, müsbət qərar idi və belədir də, alqışlanır. Bizim vətəndaşların həyatını, səfərlərini, biznesi aparmasını asanlaşdıran hər bir şey və bütün qərarlar, təbii ki, müsbətdir və alqışlanır“. Qaribaşvili deyib ki, Rusiyada 1 milyon etnik gürcü, həmvətənli yaşayır və onların Gürcüstanda ailə üzvləri, qohumları, yaxınları var, odur ki, viza rejiminin ləğvi onların səfərlərini asanlaşdıracaq: “Təbii ki, bu, müsbət bir faktdır“. Qaribaşvili xatırladıb ki, 2008-ci il avqust müharibəsindən sonra Mixail Saakaşvili, prezident ola-ola, Rusiya vətəndaşları üçün viza rejimini birtərəfli qaydana ləğv etmişdi. Və bu da, ən azından, Gürcüstan vətəndaşları üçün də Rusiyada viza rejiminin ləğvinin əvəzində yox, elə-belə edilmişdi: “Ən əsası, mən sizə xatırlatmalıyam ki, Mixail Saakaşvili rusiyalı turistlərlə şəxsən görüşürdü. Həmçinin Saakaşvilinin məşhur fikirlərini də unutmamışıq: investisiyaların harada gələcəyinin nə fərqi var ki. Və bütün bunlar müharibədən sonra baş verirdi“. Baş nazirin sözlərinə görə, Gürcüstanın keçmiş rəhbərliyi “məntiqli dövlət siyasəti” yürütməmişdi. O qeyd edir ki, Gürcüstanı Rusiya ilə birbaşa əlaqələri bərpa etməməyə, iqtisadi əlaqələri dayandırmağa çağırırlar, amma Avropa İttifaqı özü ötən il Rusiya ilə, demək olar ki, 300 milyard dollarlıq ticarət aparıb: “Aİ-nin bir nümayəndəsinin çıxışını dinlədim. Cəmiyyətimizə izah etmək istərdim ki, Avropa İttifaqının Rusiya ilə 4 günə etdiyi ticarəti ölkəmiz bir ilə edir. Yəni bu uçuşları bəyənməyən birlik Rusiya ilə ticari və iqtisadi əlaqələri davam etdirir”. Amma Avropa Rusiya ilə əlaqələrə görə gürcü aviaşirkətlərinə sanksiya tətbiq edilə biləcəyi xəbərdarlığını edib. Beləliklə, Ermənistandan sonra Gürcüstan da Qərb və Rusiyanın çəkişmə meydanına çevrilir. Bu fonda Azərbaycan regionun yeganə ölkəsidir ki, həm daxili işlərinə heç kim müdaxilə edə bilmir, həm də bütün tərəflərlə bərabər əsasda əməkdaşlıq münasibətlərinə malikdir.
Nahid SALAYEV