Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycan və Ermənistan liderləri arasında Brüssel və Kişinyov görüşlərinə dair şərhində deyib ki, Azərbaycan tərəfi Brüssel görüşünə razılıq verib, Kişinyov görüşündə iştiraka dair isə yekun razılıq hələlik mövcud deyil:
"Məlum olduğu kimi, ötən il Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib. Dekabr ayında, məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina edib, bununla da prosesə maneçilik törədilib.
Qeyd edək ki, Azərbaycan tərəfi ötən il baş tutmamış və Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib.
Eyni zamanda, Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi, öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil".
Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakı mümkündür cavabı nə anlama gəlir?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 44 günlük müharibədən sonra danışıqlarda bir neçə fərqli formatların formalaşdırılmasına cəhdlər olur: “Əvvəl bütün danışıqlar 10 noyabrda əldə olunan üçtərəfli raIlaşmanın üzərindən gedirdi. 2021-ci ilin mart ayından sonra isə danışıqlarda Rusiyanın mövqeyində total passivlik müşahidə olunmağa başladı. Bununla paralel biz Qarabağdakı Rusiya sülhməramləlarının Qarabağda mandatları ilə uzlaşmayan fəaliyyətini gördük. Ümumilikdə, bizim mövqeyimizə zidd olan addımları gördük və bir neçə dəfə Rusiyaya açıq etirazımızı bildirdik. 2021-ci ilin noyabrında Ermənustanın sərhəddə yaratdığı gərginlikdən sonra prosesə daha fəal şəkildə Avropa Birliyi qoşuldu. Bunun ardınca, həmin ilin sentyabrındakı gərginlikdən sonra Avropa Birliyi mülki adı ilə regiona öz missiyasını yerləşdirdi və bununla da AB danışıqlar prosesində həm də tərəf oldu. Onu da qeyd etmək lazımdır ki, bununla proses daha da uğursuzluğa yuvarlandı. Yalnız yadda qalan bu oldu ki, Praqa görüşündə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdı. Sonrakı mərhələdə danışıqlar davam etdi. Hər yeni danışıqdan əvvəl Ermənistan AB-yə arqument olacaq əsaslar verməyə başladı. Bu da sərhəddəki gərginliklər oldu ki, bunu əsas tutan AB missiya göndərdi. Azərbaycan XİN-in məhz Kişinyov görüşü haqda söylədiyi bənd danışıqları şaxələndirmək cəhdi ilə bağlıdır. Çalışırlar ki, yeni formata Almaniya və Fransanı da cəlb etsinlər. Ermənistan çalışır ki, öz təxribatlarına dəstək verən yeni oyunçuları prosesə cəlb etsin. Rusiya isə göstərməyə çalışır ki, yeganə uğurlu format onun iştirakı ilə olandır. Azərbaycan XİN-in bu mövqeyi danışıqlar formatının şaxələndirilməsinin qarşısını almağa yönəlib”.
Məhəmmədəli QƏRİBLİ