Məlum olduğu kimi, mayın 10-u axşam saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod kəndi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Növbəti gün bu təxribatların miqyası daha da genişlənib. Nəticədə bu dəfə mövqelərimiz iriçaplı silahlardan, minaatanlardan və D-30 toplarından atəşə tutulub.
Bu təxribatlar nəticəsində bir hərbçimiz ağır yaralanıb, biri isə şəhid olub.
Belə məqamda sual yaranır: Ermənistan niyə vəziyyəti gərginləşdirməyə çalışır?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 44 günlük savaşdan sonra Azərbaycan ötən bu müddət ərzində problemin sülh yolu ilə həllinə doğru çox ciddi addımlar atır: “Demək olar ki, prosesin həllinin kluminasiya məqamına yetişmişik, sərhədlərin delimitasiya - demarkasiyası, Zəngəzur dəhlizinin fəaliyyəti və s. məsələlərin son müdaxiləsi dövründəyik. Belə bir vaxtda təxribatların törədilməsini də müəyyən mənada Cənubi Qafqazda bir sıra aparıcı dövlətlərin, Qərb və Avropa dövlətlərinin mövqe savaşı kimi dəyərləndiririk. Yəni bilirsiz ki, Ermənistanın heç vaxt öz fikri, öz iradəsi olmayıb. O gah erməni lobbisinin, gah Fransa dövlətinin, gah İranın, rusun, farsın fikirlərilə oturub-durmağa çalışıb həmişə. Konkret stabil siyasəti, dövlət xətti olmayan dövlət üçün hər hansı bir hərəkəti praqnozlaşdırmaq həmişə çətin olub. Əslində Ermənistan tam olaraq idarə olunan dövlətdir. Ortaya çıxan problemlərin səbəbini də elə bu məsələlərdə axtarmaq lazımdır. Əlbəttə, sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin bərpası problemin həllinə birmənalı şəkildə işarədir. Artıq Paşinyanın özü də dalana dirənib. Bəzən o deyir ki, mən rəsmi Bakı ilə razıyam, bu razılıq hətta mənim məhvimə gətirib çıxara bilər. Gah da deyir ki, ordularında 5 -cu kalon var. Təxribat hadisəsini Rusiyanın ayağına bağlamaq cəhdi kimi dəyərləndirirəm mən bunu. Yəni onun sözünə qulaq asmırlar, qəsdən təxribat törədirlər. Ermənistanda vəziyyət çox qeyri-müəyyən olduğu üçün, bu məsələlərdə konkret rəy bildirmək çox çətindi. Hər halda, biz problemin həm sülh yolu ilə, həm beynəlxalq normalar çərçivəsində, həm də Azərbaycanın süverenliyini qorumaq şərti ilə həllinə çalışırıq. Bizim dövlətimiz, ordumuz, xalqımız həyata keçirilən siyasi xətti dəstəkləyir və ona görə də biz deyə bilərik ki, Azərbaycan problemin həllinə öz istədiyi şəkildə nail olacaq. Təxribat hadisələri sonra davam edə bilər. Ancaq yenə də sonda nəticə o olacaq ki, Ermənistan Azərbaycanda izolə olacaq. Ya bizlə birlikdə sülh şəraitində yaşamalıdırlar, ya da tamam uzaq olmalıdırlar. Ermənistanın özündə də xalqının gələcəyini Azərbaycan-Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşmasında görən adamlar var. Onların hamısı şovinist, taxribatçı deyil ki. Buna mane olan qüvvələr sülh müqaviləsinin imzalanmasına, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına imkan vermir. Yəni Ermənistanın başqa çıxış yolu yoxdur. Nə qədər təxribat törətsələr də, Azərbaycan öz istədiyinə nail olacaq, öz süverenliyini, müstəqilliyini qoruyacaq. Bununla da Azərbaycan həm indi, həm gələcək üçün özünün proqnozlaşdırdığı proqramların hamısını reallaşdıracaq”.
Ermənistanın snayperlərdən istifadə etməsi, əraziyə snayperlərin cəlb olunması təxribatın məqsədli şəkildə törədildiyini deməyə əsas verir.
Sözsüz ki, buna səbəb Vaşinqtonda keçirilmiş danışıqlarda Ermənistanın ağır vəziyyətə düşməsi və bu ölkədən Azərbaycanın ərazi bütövlüyünün tanınmasının tələb olunmasıdır.
Belə ki, Vaşinqtonda keçirilən görüşlər beynəlxalq hüququn konkret yanaşma tələb edən norma və prinsiplərinin qarşılığında rəsmi İrəvanın söz oyunlarının və diplomatik manipulyasiyalarının işə yaramadığını göstərdi.
Məhəmmədəli QƏRİBLİ