ABŞ Dövlət Departamenti Azərbaycanın 5 erməni hərbçisinin Ermənistana təhvil verməsini alqışlayır.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays “Twitter“də bildirib.
“Biz erməni hərbçilərin evlərinə qayıtması ilə bağlı xəbərləri alqışlayırıq, bu Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət haldır. Ümid edirik ki, qalan bütün saxlanılanlar da tezliklə öz evlərinə qayıdacaqlar və Azərbaycan, Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcək”, - deyə mətbuat katibi bildirib.
"Avqustun 31-də Brüsseldə keçirilən müzakirələrdən sonra Bakıda daha beş erməni hərbçinin azad edilməsini alqışlayırıq". Bunu isə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel özünün "Twitter" səhifəsində yazıb.
"Əsas prioritet bütün həll edilməmiş humanitar problemlərin həllidir", - Ş.Mişel yazıb.
Qeyd edək ki, Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də aşağıda adları qeyd olunan 5 nəfər Ermənistan hərbçisini azad etmiş və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil vermişdir:
- Aqramanyan Martin Muşeqoviç - 23.05.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
- Gevorkyan Aşot Artakoviç - 30.06.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
- Qriqoryan Feliks Arşakoviç - 23.12.1996-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
- Manukyan Varazdat Amuşavan - 07.07.1990-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
- Hovsepyan Edik Tiqrani - 02.08.1999-cu il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı.