Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (ŞİF) plenar iclasında çıxışı zamanı bildirib ki, rusiyalı sahibkarlar xəbərdarlıqlara əməl edib öz aktivlərini xaricdə deyil, ölkə daxilində saxlasaydılar, hesablarını və yaxtalarını itirməzdilər:
“Vaxtında çox adama demişdim, bilirsinizmi: siz öz maraqlarınızı müdafiə edərək qaçırsınız. Orada bir şey həbs edildi - hesablar, qayıqlar və s. Bu barədə xəbərdarlıq edilib. Yaxşı olardı ki, bu qayıqlar burada saxlanılsın və pullar xarici aktivlərə deyil, Rusiya infrastrukturunun inkişafına yatırılsın. Heç nə itirilməyəcək, hər şey burada, Vətəndə olacaqdı. Və yatırılan puldan qazanc əldə edəcəkdilər”.
Rusiya prezidenti qeyd edib ki, mövcud vəziyyət “hamıya dərsdir”: “Mən bu barədə danışdım və xəbərdarlıq etdim. Daha ağıllı olduğum üçün yox, sadəcə olaraq daha çox məlumatım olduğu üçün. Ancaq yeri gəlmişkən, çoxları, o cümlədən bu salonda oturanlar bunu başa düşərək, orada - təpənin üstündə xüsusi bir şey tutmadılar. Və hamı burada, evdədir. Və əslində haqlı olduqları ortaya çıxdı”.
Görünən odur ki, Putin yerli iş adamlarını inandırmağa çalışır. İnandırmağa çalışır ki, hansısa yollarla kapitalı ölkədən çıxarmasınlar. Yerli iqtisadiyyatın inkişafına sərf etsinlər və bundan itirməzlər.
Maraqlıdır, biznesmenlər Putinin vədlərinə inanacaqmı?
“Hər gün Rusiya iqtisadiyyatı milyonlarla dollar vəsait itirir”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli bunu istisna etdi: “Çətin ki, Rusiyanın iş adamları Putinin dediklərinə inansınlar. Əvvəla ona görə ki, müharibə çox uzandı. Rusiyanın biznes elitası belə gözləmirdi. Onlar hesab edirdilər ki, Ukrayna tez təslim olacaq və Qərbin tətbiq etdiyi sanksiyaların miqyası geniş olmayacaq. Bir müddət sonra qarşıdurma zəifləyəcək və onlar da vəsaitlərini xilas edəcəklər. Ancaq gözləntilər özünü doğrultmadı və tamamilə fərqli proseslərin şahidi oldular. Hansı inamdan söhbət gedə bilər ki, qaz asılılığına baxmayaraq Avropa İttifaqı bütün qapıları Rusiyanın üzünə bağlayır? Hava məkanı, bank sektoru və s. Hətta Rusiya vətəndaşlarının Avropaya gedişinə viza verilmir. Böyük həcmdə Rusiya vəsaitləri Qərbdə dondurulub, daşınan və daşınmaz əmlaka həbs qoyulub. Gözlənilir ki, sanksiyaların miqyası daha da genişləndirilsin. Hər gün Rusiya iqtisadiyyatı milyonlarla dollar vəsait itirir. Ölkənin qızıl ehtiyatları sürətlə azalır. Hələlik Rusiya biznesmenləri fəaliyyətlərini yaxın qonşu ölkələrdə qurmaqla qismən zərərlərini kompensasiya edirlər. Ancaq bir müddət sonra həmin imkan da əldən çıxacaq. O baxımdan, Rusiya biznesmenlərinin Putinin vədlərinə inanması mümkünsüz görünür. Çünki iqtisadi baxımdan vəziyyət çox mürəkkəbdir”.
Vidadi ORDAHALLI