“İlham Əliyev Nikol Paşinyandan konstitusiyanın dəyişdirilməsini tələb edib”. Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Edqar Qazaryan “Facebook”da bildirib.
Onun sözlərinə görə, Nikol Paşinyan çox güman ki, Konstitusiya Məhkəməsinin hakimləri ilə əldə olunan razılaşmaları, Konstitusiyanın dəyişdirilməsi və Müstəqillik Bəyannaməsindən imtina etmək üçün aldığı göstərişləri müzakirə edib.
“...Ermənistan bütün hallarda Azərbaycanın tələblərini icra etməyə borcludur və bunu konstitusiyasını dəyişsə də, dəyişməsə də etməlidir”
“SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövzu ilə bağlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Qazaryanın iddiası sadəcə bir ehtimal ola bilər: “Düşünmürəm ki, Azərbaycan hakimiyyəti tərəfindən erməni baş nazirə ölkəsinin konstitusiyasının dəyişdirilməsi ilə bağlı hər hansı bir təlimat verilsin, tələb irəli sürülsün və s. Azərbaycan yalnız öz suveren ərazilərinin təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir və Ermənistanın daxili işləri, orada hansı qərarların verilməsi və həmin qərarların müsbət və ya mənfi nəticələr göstərməsi onların öz mövqeləridir. Məncə, Edqar Qazaryanın bu iddiası sadəcə bir ehtimaldır və hətta Ermənistan Konstitusiyasında dəyişikliklər olacaqsa belə, həmin amil bu ölkənin daxili siyasi dairələrinin planı, yaxud fəaliyyətidir”.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana irəli sürdüyü tələblər göz önündədir və bu tələblər, şərtlər istər üçtərəfli bəyanatda, istərsə də vasitəçilərin təşəbbüsləri ilə keçirilən görüşlərdə açıq-aydın göstərilib. “Qaldı ki, Paşinyanın Konstitusiya Məhkəməsinin hakimləri ilə əlbir olub Müstəqillik Bəyannaməsindən imtina üçün fəaliyyətə keçməsi iddiasına, əslində bu iddianın özü də bəzi suallar doğurur. Yəni Ermənistan bütün hallarda Azərbaycanın tələblərini icra etməyə borcludur və bunu Konstitusiyasını dəyişsə də, dəyişməsə də etməlidir”, deyən siyasi ekspert istisna etmədi ki, regionda yeni vəziyyət yaranıb və bu vəziyyətin daha da gücləndirilməsi üçün rəsmi Bakı bütün imkanlarından – həm diplomatiyasından, həm də hərbi-müdafiə imkanlarından istifadə edir: “Onu da qeyd edim ki, 44 günlük müharibədən sonra Ermənistanın kapitulyasiyasını təsdiq edən və imzalanan bəyannamə, habelə sonrakı proseslər müəyyən edilib və əgər Ermənistan rəhbərliyi sülh sazişinin imzalanması üçün hazırlıq işlərinə başlayıbsa, eləcə də bunun üçün Konstitusiya Məhkəməsi vasitəsilə Müstəqillik bəyannaməsini də ləğv etməyi düşünürsə, əlbəttə, bu onların öz işidir. Əsas budur ki, regiondakı yeni reallıqlar uzunmüddətli sülhün təminatı ilə nəticələnsin və fakt budur ki, həmin reallıqlar məhz Azərbaycan Prezidentinin qətiyyəti, iradəsi nəticəsində əldə edilib”.
İradə SARIYEVA