“Üzrlü say, Nikol, Nikol cavab vermədən əvvəl demək istəyirəm ki, Rusiyaya daha çox erməni gəlib, 2 milyondan çox”. Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda VII Şərqi İqtisadi Forumunda Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edərək bildirib.
Forumun plenar iclasının moderatoru İlya Doronov Ermənistanın Rusiyadan "əmək miqrantlarının axını" ilə üzləşdiyini qeyd edərək, Nikol Paşinyandan rusiyalıların yerli cəmiyyətə necə uyğunlaşdığını və onların hansı rol oynadığını soruşub.
Ona cavab olaraq Vladimir Putin deyib:
"Üzrlü say, Nikol. O cavab verənədək demək istəyirəm ki, Rusiyaya daha da çox erməni gəlib, 2 milyondan çox. Biz Rusiya biznesinə fayda verən hər addımı alqışlayırıq. Siz İrəvanda işləyib, Moskvada yaşaya bilərsiniz. Buna heç nə mane olmur. Rusiyadan gedənlərin çoxu artıq geri qayıdıb, başa düşüblər ki, burada dəhşətli heç nə baş vermir. Kimsə Ermənistanda işləməyi sevirsə, buyursun”.
Rusiya Prezident əlavə edib ki, rusiyalıların bəziləri işləmək üçün İrəvanı yox, Bakını seçir: “Bəziləri İrəvanı yox, Bakını seçir. Eləcə də Qazaxıstanda çox yaxşı maliyyə zonası yaradılıb”.
“Məhz Bakının adını vurğulamaqla ona dedi ki, unutma, bizim Güney Qafqazda ən yaxın tərəfdaşımız Azərbaycandır, Bakıdır”.
Putinin “üzrlü say Nikol, bəziləri İrəvanı yox, Bakını seçir” ifadəsini şərh edən siyasi ekspert Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, bununla Rusiya prezidenti Ermənistanın Baş nazirinə yerini göstərib. “Əslinə qalanda, Putin bu ifadəni işlətməklə Paşinyana həddini bildirdi. Paşinyan bir növ Putinin qarşısında özünü yüksək göstərmək, dövlətini daha üstün səviyyədə təqdim etməyə çalışırdı. Yəni belə rəy yaratmaq istəyirdi ki, görün Rusiyanın çətin vəziyyətində ruslar sığınmaq, işləmək üçün Ermənistanı seçirlər, amma tamamilə başqa mənzərə ilə qarşılaşdı. Putin də ona başa saldı ki, bizim alternativlərimiz çoxdur. Məhz Bakının adını vurğulamaqla ona dedi ki, unutma, bizim Güney Qafqazda ən yaxın tərəfdaşımız Azərbaycandır, Bakıdır. Yəni Putin bu sözü deməklə Azərbaycanın Qafqazın əsas dövləti olduğunu Paşinyana xatırlatdı. Bu da səbəbsiz deyildi, çünki Paşinyan elə bildi ki, bəlli bir müddət ərzində baş verən bu hadisələrə görə Ermənistanın əhəmiyyəti həddən artıq artıb, bir az da fürsətdən istifadə edib bunu vurğulamaq istədi, amma cavabını o cür almış oldu”-deyə A.Həsrət bildirdi.
A.Həsrət sanksiyalardan qaçan rusiyalı miqrantların işləmək üçün Bakını seçməsini təbii sayır və hesab edir ki, burada işləmək üçün münbit şərait var.
İradə SARIYEVA