Xankəndi şəhərində yaşayan ermənilər arasında videosorğu keçirilib. “Al plus” internet kanalı Xankəndi ermənilərinin sülhlə bağlı fikirlərini öyrənib. Rəyi soruşulanların əksəriyyəti müharibəyə "yox" deyərək, sülh şəraitində yaşamaq istədiklərini bildirib.
Bununla yanaşı, sorğuda təxribatçı mövqedən çıxış edənlər də olub. Respondentlərin, demək olar ki, böyük bir qismi qondarma rejimdən narazılığını dilə gətirib. Onlar "idarəçiliyin" doğru olmadığını, köməksiz sakinlərə yardım edilmədiyini söyləyiblər.
Ədalətsizliklə üzləşdiklərini deyən Xankəndi erməniləri İkinci Qarabağ müharibəsindən sonra sakinlərin çoxunun xarici ölkələrə üz tutduqlarını etiraf ediblər.
"Xarici ölkələrə gedənlərin sayı hədsiz dərəcədə çoxdur, daxildə isə insanların bir-birinə güvəni qalmayıb", - deyən ermənilər separatçı rejimə inanmadıqlarını vurğulayıblar.
Xankəndi şəhərində yaşayan gənc ermənilər isə bundan sonra sülh şəraitində yaşayacaqlarına ümid etdiklərini dilə gətiriblər.
Qeyd edək ki, son vaxtlar Xankəndi şəhərində qondarma rejimə qarşı etiraz aksiyaları tez-tez keçirilir.
Xankəndidəki yerli əhalidə yaranan bu ovqat nəyin göstəricisidir?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Xankəndidə yaşayan ermənilər 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördülər: “Orada yaşayan əhalinin böyük əksəriyyəti separatçılardı. Onların da burnu yaxşı ovulub. Təbiidir ki, onlar bizimlə yenidən müharibə etmək qüdrətində deyillər. İçərilərində ciddi qorxu var. Amma erməni xislətlərini gizlətmirlər. Bir tərəfdən də şikayət edib, ordan-burdan pay umurlar. Ermənistan höküməti bunlara 160 milyard dram, təqribən 390 milyon dollar büdcə vəsaiti verir. Bu vəsaiti də separatçı rejim mənimsəyir. Orada yaşayan sadə erməniyə heç nə çatmadığı üçün belə vəziyyət yaranır. Belə olan təqdirdə ermənilərin Qarabağı tərk etməsində qeyri-adi nəsə yoxdur. Bilirlər ki, orada onlar üçün perspektiv qalmayıb. Laçın dəhlizinə alternativ yol çəkiləndən sonra isə qondarma qurumda yaşayanlar və rus sülhməramlıları da Azərbaycan ordusunun tam mühasirəsindədir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan doğru yoldadır. Biz Qarabağla bağlı mövqeyimizi gücləndirmək üçün yeri gələndə sərt ritorikadan, yeri gələndə antiterror əməliyyatlarından istifadə etməliyik. “Qisas” əməliyyatı buna sübut oldu. Ermənilər gördü ki, tabe olmaqdan başqa yol qalmayıb. Bütün bunlar onu deməyə əsas verir ki, Xankəndi və ətrafı qısa zamanda tam olaraq Azərbaycanın nəzarətinə keçəcək”.
Maraqlıdır ki, Brüsseldə Azərbaycan-Ermənistan liderlərindən xalqlarını sülhə hazırlamalarının istənildiyi və onların sülh sazişi mətninin layihəsini hazırlamağa razılaşdığı bir vaxtda separatçı qalıqlarının başçısı Arayik Arutyunyan bəyan edib ki, 2020-ci il müharibəsində erməni hərbi qüvvələrinin fəlakətli məğlubiyyətinə baxmayaraq, onlar müstəqillik yolunda addım atmaqda davam etməlidir. Təəssüf ki, Xankəndi tam olaraq bizim yurisdiksiyanı qəbul etməyənə kimi belə təzadların şahidi olacağıq.
Məhəmmədəli QƏRİBLİ