Xankəndidə fəaliyyət göstərən, separatçılığı təbliğ edən erməni ictimai radiosu separatçı rejimin qondarma "təhlükəsizlik şurası" aparatından Laçın yoluna alternativ yeni yolla bağlı bəzi suallarına cavab alıb.
Sosial şəbəkələrin erməni seqmentində sözügedən sualların cavabları qısa olaraq aşağıdakı kimi təqdim edilib:
- Həkəri çayı üzərində tikilən körpüdən Ermənistan tərəfi istifadə edəcək. Körpünün altından keçən yolla Azərbaycan tərəfindən yüklər Rusiya sülhməramlılarının nəzarəti altında daşınacaq.
- Qarabağın ermənilər yaşayan ərazisini Ermənistanla birləşdirən, eni 5 km və uzunluğu 7 km olan yeni dəhlizdə də qondarma rejimin “qanunvericiliyi” tətbiq edilir.
- Dəhlizdə nə erməni, nə də Azərbaycan hərbi mövcudluğu olacaq. Dəhliz Rusiya sülhməramlı kontingentinin nəzarəti altında fəaliyyət göstərəcək.
Bununla separatçılar iddia edir ki, yeni yol tam olaraq onların nəzarəti altında fəaliyyət göstərəcək. Azərbaycan tərəfi isə bunun belə olmadığını deyir. Ermənilərin bu iddiaları ilə bağlı siyasilər nə düşünür?
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qarabağdakı separatçı rejimin qalıqlarının yeni yolla bağlı dedikləri həqiqət deyil: “Biz üçtərəfli razılaşmanın müddəalarına uyğun olaraq addım atırıq. Bu yol humanitar məqsədlə ermənilərə verilir. Nəzərdə tutulurdu ki, 3 il müddətinə Laçın dəhlizindən yan keçəcək yol çəkiləcək. Azərbaycan bunu nəzərdə tutulandan tez müddətdə istifadəyə verdi. Bu humanitar məqsədli yoldur. Azərbaycanın ağıllı gedişi nəticəsində Laçın şəhəri də bizim nəzarətimizə keçdi. Yeni yola nəzarət etmək imkanı olan bütün strateji yüksəkliklər də bizim nəzarətimiz altındadır. Bura “Fərrux”, “Sarıbaba”, “Qırxqız” yüksəkliklərini aid edə bilərik. Bizim növbəti hədəfimiz digər ərazilərdə də yurisdiksiyamızı tam bərpa etməkdən ibarətdir. Yəqin ki, sülhə məcbur etmə əməliyyatının necə effekt verdiyini görürsünüz. Ermənilərin təxribatlarına baxmayaraq, Azərbaycan öz hədəfinə doğru irəliləyəcək. Yəni ermənilərin Laçın dəhlizindən “su yolu” kimi istifadə etmək istəkləri özünü doğrultmayacaq. Oradan silah-sürsat daşına bilməz, erməni rəsmiləri icazə almadan Qarabağa daxil ola bilməyəcək. Yeni yol tam olaraq bizim nəzarətimizdə olacaq. Qoy onlar boş-boş danışsın, biz də işimizi görək.
Yeni yolda ermənilər Laçın şəhərinə daxil olmadan hərəkət edəcəklər. Laçından keçmədən çəkilən alternativ yoldan həm ermənilər, həm də azərbaycanlılar istifadə edəcək. Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Sözügedən alternativ yolun uzunluğu 28 kilometrdi.
Müharibədən sonra Prezident İlham Əliyev bildirdi ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatının ilkin variantında Laçın dəhlizinin eninin 30 km olması təklif edilib. Nəticədə Laçın dəhlizinin eni 5 km müəyyən edilib”.
Məhəmmədəli QƏRİBLİ