Rusiya prezidenti Vladimir Putin humanitar siyasət konsepsiyasını təsdiq edib. Konsepsiyaya əsasən, xarici ölkələrdə Rusiyanın mədəniyyəti, tarixi və dilinin təbliği dövlət siyasətinin tərkib hissəsinə çevriləcək. Bu fəaliyyət Kremlin birbaşa nəzarətində olacaq.
Kremldən açıqlayıblar ki, konsepsiya indiki sərt sanksiyalar fonunda Qərb ölkələrində həyata keçirilməyəcək. Bu isə o deməkdir ki, diqqət daha çox Rusiyaya qonşu ölkələrə yönələcək. Konsepsiyanın əsas məqsədi kimi “Rusiyanın xaricdə obyektiv qavrayışını formalaşdırmaq” göstərilib.
Konsepsiyada İkinci Dünya müharibəsinə aid diqqəti çəkən belə bir bənd var: “Rusiya xarici ölkələrdə İkinci Dünya və Böyük Vətən müharibəsinin qələbə qazanmasında sovet xalqının rolunu azaltmağa çalışma səylərinin qarşısını almalıdır”.
MDB məkanında Ermənistan yeganə ölkədir ki, Böyük Vətən müharibəsinin qələbə qazanmasında sovet xalqının rolunu azaltmağa yönəlik bu və ya digər addımlar atır. Məsələn, Ermənistanda nasist Njdeyə heykəllər qoyulur, faşist svastikalarının, bu kimi digər vasitələrin təbliğinə şərait yaradılır və s.
Maraqlıdır, konsepsiyanın təsdiqindən sonra Rusiya Ermənistandakı bu kimi fəaliyyətləri önləmək üçün hansısa addımlar atacaqmı?
“Bu məsələlər aktuallaşacaq və Konsepsiya qüvvəyə mindikdən sonra əməli tədbirlər görüləcək”
Məsələyə münasibət bildirən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev buna bir neçə aspektdən yanaşdı: “Əgər bu gün Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin artdığını nəzərə alsaq, ilk olaraq belə qənaətə gələ bilərik ki, Moskva İrəvana qarşı bundan sonra daha ağır təzyiqlər göstərməyə başlayacaq. Bu kontekstdə Vladimir Putinin humanitar siyasət konsepsiyasını təsdiqləməsi, xüsusilə İkinci Dünya və Böyük Vətən müharibəsinin qələbə qazanmasında sovet xalqının rolunu azaltmağa çalışma səylərinin qarşısının alınması istiqamətində fəaliyyətə başlaması faktı Ermənistandan yan keçə bilməz. İndinin özündə belə, Ermənistanda İkinci Dünya müharibəsi dövründə faşist Almaniyası ilə əməkdaşlıq etmiş erməni qatili Qaregin Njdeyə abidə ucalmaqdadır. Bu da azmış kimi, Qarabağda, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə də bu faşist qatilinə büst qoyulub. Təəssüf ki, mətbuatda, habelə sosial şəbəkələrdə bu haqda çoxsaylı məlumatlar verilsə də Njdenin büstü öz yerində qalmaqda və üstəlik, Rusiya sülhməramlılarının gözləri qarşısında dayanmaqda davam edir. Yaxşı olardı ki, yuxarıda qeyd olunan konsepsiya həmin faktlara qarşı istifadə edilsin - istər İrəvanda, istərsə də Qarabağda ucalan faşist abidələri demontaj olunsun”.
B.Quliyevin fikrincə, ermənilər işğal zamanı Ağdamda, Füzulidə, Laçında və s. şəhər və rayonlarımızda Böyük Vətən müharibəsində iştirak etmiş və həlak olmuş soydaşlarımızın, eləcə də sovet xalqının nümayəndələrinin xatirəsinə ucaldılmış abidələri yerlə-yeksan ediblər: “Bununla bağlı faktlar, dəlillər sənədlərlə, sübutlarla ortadadır. Bu kimi məsələlər araşdırılmalı, günahkarlar isə tapılaraq cəzalandırılmalıdır. Artıq Rusiya da görür və dərk edir ki, 30 il forpostu olaraq saxladığı, ayaqda qalmağa dəstək göstərdiyi Ermənistan bu gün ona da xəyanətlər edir. Çox yəqin ki, bu kimi amillər Moskvanın İrəvana qarşı təzyiqlərinin artmasına sirayət edəcək. Ümumiyyətlə, Ermənistandakı faşizm xisləti və xəyanət faktoru artıq özünü bütün çılpaqlığı ilə göstərməkdədir. Hesab edirəm ki, bu məsələlər aktuallaşacaq və konsepsiya qüvvəyə mindikdən sonra əməli tədbirlər görüləcək”.
Politoloq onu da əlavə etdi ki, Rusiya bu kimi məsələlərə xüsusi diqqət edir.
Vidadi ORDAHALLI