Ötən həftənin sonunda Prezident İlham Əliyev İtaliya qəzetinə müsahibəsində bildirib ki, bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər.
Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan öz partiyasının üzvlərilə qapalı iclasda analoji bəyanatla çıxış edib. N.Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları ilə keçirdiyi görüşdə deyib ki, sülh üçün nə mümkündür onu edəcək. O işarə edib ki, onu bunu etməməyə çağıran qüvvələrin təzyiqinə boyun əyməyəcək: “Biz bu ilin sonunadək sülh sazişini imzalamağa hazırıq. İlin sonunadək Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün hər şey ediləcək”.
Paşinyan deyib ki, Ermənistan Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu qorumalıdır, amma indiki şərtlər daxilində müstəqillikdən danışmaq real deyil, lakin şərtlərə uyğun olaraq hansısa status müəyyən edilməlidir. Bununla belə, o həmçinin əlavə edib ki, Qarabağla bağlı istənilən variant İlham Əliyev üçün qəti şəkildə qəbuledilməzdir.
Ümumilikdə, Paşinyanın sülh sazişi ilə bağlı vədlərini ekspertlər necə dəyərləndirir?
“Artıq bir neçə revanşist general həbs edilib və bunun davamı olacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, Ermənistan Baş naziri Nikol Paşinyan imza atdığı öhdəliklərə əməl etməlidir. Çünki məhz sonuncu Brüssel görüşundə də eyni mövqeyi səsləndirib. Nikol çox yaxşı bilir ki, Ermənistan üçün sülhün alternativi yoxdur. Ona görə də Azərbaycanla sülhə getməyi planlaşdırır. Lakin problem ondadır ki, ölkədə revanşist qüvvələr, cəmiyyətin müəyyən kəsimi sülhün əleyhinədir. Ancaq güman edirəm ki, N. Paşinyan bu qüvvələri neytrallaşdırmağa çalışacaq. Çünki artıq münaqişə həll olunub və o üzdən Ermənistanın apardığı fərqli siyasət Paşinyanın əleyhinə çevrilə bilər. Sülhə getmək və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində layihələrə qoşulmaq Paşinyanın planıdır. Düşünürəm ki, buna getməyə çalışacaq. Amma daxildə etirazlar olacaq, ona təzyiqlər ediləcək. Bütövlükdə, ilin axırına kimi olmasa da, gələn il üçün Paşinyan siyasi iradə göstərərsə, sülh müqaviləsinin bağlanması reallaşa bilər. Ermənistanda bu məsələlər bir-birindən aslıdır. Məğlub ölkədir və bundan sonra nəyəsə nail olmaq iqtidarında deyil. Artıq bir neçə revanşist general həbs edilib və bunun davamı olacaq. Baş verənlər “Qarabağ klanı”nın tam çökdürülməsinə hesablanıb. Bu klanın hərbi qanadı tam çökəndən sonra Paşinyan sülhə gedəcək”.
Bu baxımdan politoloq hesab edir ki, yaxın aylarda Ermənistanda daşlar yerinə tam otura bilər.
Vidadi ORDAHALLI