ABŞ Konqresi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat törədilib. ABŞ-ın minatəmizləmə adı altında Qarabağ separatçılarına qanunsuz maliyyə yardımı etməsi azmış kimi, indi də ermənipərəst konqresmenlər “Artsaxa” humanitar yardım göstərməyi tələb ediblər.
Belə ki, ABŞ Konqresinin Erməni Məsələləri üzrə Komissiyasının həmsədri Frank Pallone və Nevada ştatının nümayəndəsi Dina Titus Konqresin 45-dən çox üzvündən ibarət ikipartiyalı qrupa qoşularaq dövlət katibi Entoni Blinkeni və USAİD-in rəhbəri Samanta Paueri “Artsaxa” dəstək vermək üçün təcili tədbirlər görməyə çağırıblar: “Biz həmçinin “Artsaxda” qalan insanların ABŞ tərəfindən əvvəllər heç bir yardım almamasından çox narahatıq. ABŞ Beynəlxalq İnkişaf Agentliyi təsdiq edib ki, Ermənistanda məskunlaşmış, əksəriyyəti qadınlar, uşaqlar və qocalar olan 90 mindən çox qaçqın kəskin humanitar böhrandan əziyyət çəkir”.
Bundan başqa, ABŞ Konqresinin Erməni İşləri Komitəsinin üzvləri Frenk Fallone, Qus Bilirakis, Ceki Spir, Devid Valdao və Adam Şiff erməni separatçılarının rəhbəri Arayik Arutyunyana təbrik məktubu göndəriblər. Sözügedən məktubda Azərbaycanla bağlı təxribat və böhtan xarakterli fikirlər də yer alıb.
“Ermənipərəst konqresmenlərin belə qanunsuz təşəbbüslə çıxış etməsi Cənubi Qafqazda sabitliyə qarşı olan bir addımdır”
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, ermənipərəst konqresmenlərin belə qanunsuz təşəbbüslə çıxış etməsi Azərbaycanın ərazi bütövlüyünə təhdid olmaqla yanaşı, Cənubi Qafqazda sabitliyə qarşı olan bir addımdır: “Düzdür, ABŞ Konqresi belə təxribatçı əməllər üzrə adətkardır. Konqresin hər iki palatası zaman-zaman erməni separatçıların mənafeyinə uyğun qərarlar qəbul edib. Bu isə, ABŞ-ın özünün də nüfuzuna xələl gətirəcək addımlardır. Məsələ ondadır ki, ABŞ Konqresi müxtəlif iqtisadi maraqların, hansısa lobbiçiliyin, siyasi maliyyə alveri ilə məşğul olan dairələrin az qala meydanına çevrilib. Konqresdə erməni lobbisinin təsir imkanlarının böyük olması, konqresmenlərin pulla ələ alınması belə vəziyyətin yaranmasına səbəb olur. Aydın məsələdir ki, belə olduğu halda qanunvericilik orqanının məsələlərə obyektiv baxması mümkünsüzdür. Bütün bunlar həm də ikili standartların, xristian təəssübkeşliyinin göstəricisidir. Ancaq istənilən halda, erməni separatçılarına belə yardımın göstərilməsi qəbuledilməzdir. Belə hallar Birləşmiş Ştatların dövlət maraqlarına qarşı yönəlib. Bu isə, öz növbəsində, ABŞ-ı Azərbaycan kimi önəmli bir coğrafi məkanda yerləşən ölkəni itirmək təhlükəsi ilə üz-üzə qoyur. İllərdir belə ikili yanaşmaları müşahidə edirik. ABŞ Azərbaycanı özünə dost hesab edirsə, o zaman konqresmenlərin belə pozucu addımları, separatçılara qahmar çıxmaları nə deməkdir?”.
Bu baxımdan Vüqar Rəhimzadə hesab edir ki, ABŞ belə təxribatlara son qoymalıdır.
Vidadi ORDAHALLI