Ermənistan yenə də pozuculuq fəaliyyəti ilə məşğul olaraq ölkə rəsmiləri məsuliyyətsiz açıqlamalarla çıxış edirlər. Gündəlikdə sülh sazişini hazırlamaq varkən prosesi baltalamaqla bağlı cəhdlər edilir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyanat yayaraq Azərbaycanı “qeyri-səmimilikdə” və “sülh prosesini pozmaq istəyində” ittiham edib. O, danışıqların həmsədrlərin vasitəçiliyi ilə keçirilməsi ilə bağlı sərsəmləyərək deyib: “Azərbaycanın təklif etdiyi beş bəndlə bağlı Ermənistan tərəfin baxışı dəyişməzdir. 2022-ci il martın 10-da Azərbaycanın təqdim etdiyi təkliflərdə bizim üçün qeyri-məqbul heç nə yoxdur. Bu təkliflərin Ermənistan-Azərbaycan hərtərəfli sülh gündəliyinin bütün məsələlərini əhatə etməməsi başqa məsələdir. Biz ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə verdiyimiz cavabla gündəliyi tamamladıq və buna görə də sülh danışıqlarını bu əsasda davam etdirməyə hazırıq. Bunu Brüsseldəki son müzakirələr zamanı Ermənistanın baş naziri Paşinyan bir daha təsdiqləyib. Bu nöqteyi-nəzərə məhəl qoymamaq və ya onu dinləməmək cəhdləri erməni tərəfinə Azərbaycanın sülhə nail olmaq niyyətinin səmimiliyinə şübhə etməyə əsas verir. Bundan əlavə, danışıqların özbaşına, həqiqətə uyğun olmayan şərhinin davam etdirilməsi və razılaşmaların icrasından yayınma belə düşünməyə əsas verir ki, Azərbaycan sülh prosesini pozmaq və güc tətbiqi vasitəsilə öz etnik təmizləmə siyasətini davam etdirmək niyyətindədir”.
Görünən odur ki, Ermənistan yenə də Azərbaycanı ittiham edərək danışıqlar prosesini həmsədrlər müstəvisinə keçiirmək istəyir. Bu isə o deməkdir ki, Ermənistan hakimiyyəti İkinci Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə keçirilən məhdud hərbi əməliyyatlardan dərs çıxarmaq istəmir.
“Regionda Birləşmiş Ştatlar və Rusiya arasında çox güclü gizli geosiyasi savaş var”
Məsələyə münasibət bildirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayev hazırda erməni rəsmilərin növbəti pozucu açıqlamalarla çıxış etməsini bir sıra amillərlə əlaqələndirdi: “Birincisi bu, erməni xəstəliyi ilə bağlıdır. O xəstəlik bu millətin canındadır. İkincisi, Ermənistan tərəfi nələrəsə ümid edir və ilk fürsətdən revanş götürmək istəyir. İndiki məğlubiyyətlə heç cür barışmırlar və bütün məqsədləri hazırkı status-kvonu dəyişməkdir. Ən azından, indiki şərtlər daxilində hansısa bir razılaşmanın reallaşmasına mane olmaqdır. Ümid edirlər ki, bəlkə də yeni situasiyada yeni reallıq yaradacaqlar. Ən nəhayət, regionda ABŞ və Rusiya arasında çox güclü gizli geosiyasi savaş var. Ermənistan rəsmilərinin pozucu açıqlamaları, prosesi uzatmaq cəhdləri həm də bundan qaynaqlanır. Biz nəzərə almalıyıq ki, Rusiya da revanş götürmək və Ermənistandakı təsir imkanlarını gücləndirmək istəyir. Rusiya Ermənistanda hakimiyyəti dəyişərsə, revanşistlərə müəyyən vədlər vermiş olacaq. Bununla paralel, Qərb Paşinyanı hakimiyyətdə saxlamaq üçün ermənilərə nələrisə vəd edir. Bir müddət əvvəl ABŞ-ın Minsk Qrupu üzrə nümayəndə təyin etməsi bunun tərkib hissəsidir. Yəni burada ermənilərdən istifadə olunur. O baxımdan, Ararat Mirzoyanın son sərsəmləmləməsinə həm də bu konteksdən baxmaq lazımdır”.
Əli Mustafayev onu da əlavə etdi ki, Ermənistanın pozucu cəhdləri bundan sonra da ara-sıra özünü göstərəcək.
Vidadi ORDAHALLI