Son vaxtlar Azərbaycan dövləti Qarabağda öz yurisdiksiyasını tam təmin etmək üçün ardıcıl addımlar atır. Xüsusilə də ermənilərin “su yolu”na döndərdiyi Laçın dəhlizi tam bağlanandan sonra erməni silahlı birləşmələrinin həmin ərazini tərk etməsi ilə bağlı tələb daha da aktuallaşıb.
Verilən məlumatlarda bildirilir ki, Azərbaycan tərəfi sülhə nail olmaq üçün daha bir vacib tələb irəli sürür. Bu, Qarabağda yaşayan ermənilərin siyahıyaalınması kimi vacib məsələni əhatə edir. Rusiyalı tanınmış ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko da özünün sosial şəbəkə hesabında bu barədə yazıb. Ekspertin fikrincə, Qarabağ erməniləri onların dəqiq sayını və statusunu (yerli və ya gəlmə olmaları-red), eləcə də Ermənistan vətəndaşlığından imtina edib, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olub-olmadıqlarını dəqiqləşdirmək üçün siyahıya alınmalıdırlar: “Ortaya belə bir sual çıxır - siyahıyaalma hansı mərhələdə və necə keçirilməlidir? Əlbəttə, erməni qanunsuz silahlı dəstələri Qarabağdan çıxarıldıqdan və separatçıların administrasiyası fəaliyyətini dayandırdıqdan sonra. Siyahıyaalmanı 2023-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyi və statistika orqanları həyata keçirə bilər”.
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın Qarabağdakı erməniləri siyahıya almaq addımı ola bilər, ancaq bu prosesin tərkibində yox: “Azərbaycanın bu gün Qarabağda siyahıyaalma keçirməsi ölkəmizin xeyrinə olmaz. Sülh sazişində Qarabağ ifadəsi keçməməlidir. Çünki Qarabağ bizim ərazimizdir. Hazırda bizim rəsmi inzibati ərazi vahidlərimiz içərisində Qarabağ adında nəsə yoxdur. Siyahıyaalmanı lazım olan məqamda Azərbaycanın özü həyata keçirəcək. Çünki belə addımlar ölkənin bütün şəhər və kəndlərində aparılır. Bu addımın sülh sazişinə heç bir aidiyyəti olmayacaq. Ermənilərin istədiyi budur ki, sülh sazişində Qarabağla bağlı hansısa müddəa olsun. Azərbaycanın təklif etdiyi 5 baza prinsipinə onların təklif etdiyi 6 prinsipin içində Qarabağın statusu ilə bağlı bənd də var. Azərbaycan bunu qətiyyən qəbul etmir, bundan sonra da etməyəcək. Onların Ermənistan vətəndaşlığından imtina edib, Azərbaycan vətəndaşlığını qəbul edib-etməyəcəyi ilə bağlı məsələni dəqiqləşdirməyə isə ümumiyyətlə ehtiyac yoxdur. Sülh sazişi imzalanandan sonra bizim ərazimizdə yalnız Azərbaycan vətəndaşları yaşaya bilər. Azərbaycan belə bir şərt əsasında heç vaxt siyahıyaalma keçirməz. Bir daha təkrar edirəm ki, sülh sazişi imzalanandan sonra, Azərbaycanın bütün ərazisində siyahıyaalma keçiriləcək. Təbiidir ki, həmin tədbir çərçivəsində Qarabağdakı ermənilər də siyahıya alınacaq. Belə bir addımı atmaq Azərbaycanın səlahiyyətinə aid məsələdi, bunu hansısa başqa proseslə əlaqələndirmək doğru olmazdı”.
Məhəmmədəli QƏRİBLİ