2020-ci ildə 10 Noyabr sənədi imzalanarkən cənab Prezident çox təkidli səyləri hesabına ora bir bənd də əlavə etdi: Laçın dəhlizinə alternativ bir marşrut açılsın. Çünki Laçın dəhlizi Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına düşürdü. Bu səbəbdən də Laçın üzərində yurisdiksiyamızın bərpa olunmasına ehtiyac yaranırdı.
Cənab Prezident məhz bu səbəbdən alternativ marşrut xəttinin çəkilməsi ilə bağlı bəndi həmin sənədə daxil etdi və həmin sənədə görə 3 il ərzində bu xəttin çəkilməsi planlaşdırılmışdı. Alternativ yolun çəkilişi nəzərdə tutulandan tez reallaşdı. Rusiya sülhməramlılarının postları isə yeni yola köçürülməyə başlandı. Nəticədə Zabux və Sus kəndləri üzərində yurisdiksiya da təmin edildi.
Laçının nəzərdə tutulan zamandan tez bir vaxtda bizim nəzarətimizə qayıtmasında ölkə başçısının müdrik addımlarının nə dərəcədə rolu olub?
İSBAM sədri Samir Adıgözəllinin sözlərinə görə, 10 noyabr bəyanatında açıq şəkildə göstərilirdi ki, Laçın dəhlizinə alternativ yol çəkildikdən sonra bu ərazilərdə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ərazidən çıxacaq və bu ərazilərdə Azərbaycan Ordusu yerləşdiriləcək: "Prezident İlham Əliyevin idarəçiliyi, qəbul etdiyi qərarlar və əldə olunan nəticələr bir-birini tamamlayır. Bəyanatda 3 il göstərilməsinə baxmayaraq, Laçın dəhlizinə alternativ olan yol daha qısa müddətdə çəkildi. Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu. Dövlət başçısı İlham Əliyev Ermənistana mesaj ünvanlamışdı: "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq!“ Müzəffər Ali Baş Komandanın hər bir çağırışının real həyatda öz əksini tapması Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Zaman Azərbaycanın lehinə işləyir. Təbiidir ki, biz bütün bu nailiyyətlərə Prezidentin müdrik siyasəti və Azərbaycan Ordusunun qüdrəti nəticəsində nail oluruq. Əminəm ki, bu gedişlə biz qısa müddətdə bütün Qarabağda öz yurisdiksiyamızı bərpa edəcəyik”.
Məhəmmədəli QƏRİBLİ