Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşün keçiriləcəyi gözlənilir.
Ermənistan tərəfinin yaydığı məlumata görə, görüşün gündəliyində Brüsseldə daha öncə müzakirə olunmuş məsələlər dayanır.
Sonuncu görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında bütün məsələlərin nəzərdən keçirildiyini açıqlamışdı. Üçüncü görüşdən keçən 3 aydan bir az artıq müddət ərzində humanitar məsələlərin həlli istiqamətində ciddi irəliləyişə nail olunmayıb.
Azərbaycan görüşə əvvəlkindən böyük üstünlüklə gedir. Laçının mərkəzi, eləcə də ermənilərin qanunsuz məskunlaşdığı Zabux və Sus kəndləri nəzarətə götürülüb. “Laçın dəhlizi” və onun ifadə etdiyi anlam tamamilə dəyişib, indi ermənilər dəhlizdən deyil, sadəcə yoldan istifadə edəcəklər. Bunun isə siyasi, sosial-psixoloji, eləcə də hərbi əhəmiyyəti kifayət qədər böyükdür.
Ana Vətən Partiyası sədrinin müavini Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə başçıları səviyyəsində baş tutan bütün görüşlərdən sonra Ermənistan əldə edilən razılaşmaların mahiyyətinə uyğun olmayan addımlar atmağa başlayıb: “Son görüşdən sonra vəziyyət çox dəyişib. Azərbaycan öz güclü iradəsi ilə ermənilərə bir çox reallıqları qəbul etdirib. Bu görüş Qarabağdakı separatçılara qarşı həyata keçirilən “Qisas” əməliyyatı və ölkəmizin “Laçın dəhlizi”nə nəzarəti ələ keçirməsindən sonraya təsadüf edir. Artıq Ermənistan anlayır ki, Qarabağa gediş-gəlişdən “su yolu” kimi istifadə edə bilməyəcək. Bütün bu reallıqlar Ermənistanı bir qədər konstruktiv davranmağa vadar edəcək. Daha Qarabağdakı ermənilərə ayrıca statusun verilməsinə israr etməyəcəklər. Çünki bu məsələyə də Prezident tam aydınlıq gətirdi. Həm də Paşinyan çəkindiyi daxili auditoriyanın qarşısına Azərbaycanı güclü edən bu arqumentləri qoyacaq. İzah edəcək ki, sülhə yönəlik addımlar atılmasa vəziyyətləri daha pis olacaq. Bir sözlə, Azərbaycanın üstün şərtlərlə qatılacağı bu görüşdən nəticələr gözləməyə dəyər. Brüsseldən sonra ölkə rəhbərləri Rusiyada da görüşəcəklər. Son nöqtə də orada qoyulacaq. Bütün tərəflərin marağını uzlaşdıran bir hərəkətlənməyə start veriləcək”.
Məhəmmədəli QƏRİBLİ