Bir müddət əvvəl erməni media resursları guya Azərbaycanın Ukraynaya aviabombalar verdiyi barədə yalan məlumatlar yaymağa başladılar. Ancaq bütün bunlarla bağlı hansısa fakt ortaya qoyulmadı.
Bu arada Rusiyanın bir sıra media orqanları da Azərbaycanın guya Ukraynaya aviabombalar verməsi barədə yalan məlumatlar kampaniyasına qoşulublar. Bu dəfə həmin məlumatlar bir qədər başqa formada təqdim edilir. Qeyd olunur ki, Azərbaycan Sudana, oradan isə Polşaya aviareyslər təşkil etməklə Ukraynaya bomba daşıyır. Guya bu barədə sənədləri İraqın “Saberen News” TG kanalı yayıb. Bu “sənədlərə əsasən”, “CIHAZ” Sənaye Birliyi (Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən təşkilat) Ukraynanın “Ukrspetsexport” dövlət şirkətinə aviabombalar göndərib. Yük daşımaları Ukraynanın “Meridian” aviaşirkəti tərəfindən Xartum hava limanından (Sudan) Polşaya, oradan isə Ukraynaya ötürülüb.
Rusiya mediası bununla bağlı bir az da irəli gedərək bunları yazıb: “Artıq Ukrayna mətbuatı da Azərbaycanın Kiyevə Su-25 təyyarələri üçün QFAB-250 LG idarəolunan bombaları tədarük edəcəyini təsdiqləyib. Hava bombası ASELSAN silah şirkəti tərəfindən NATO standartlarına uyğun hazırlanıb”.
Ortada bir dənə fakt yoxdu, amma davamlı olaraq bu məlumatlar yayılır. Bunun arxasında dayanan məqsəd nədir?
“Belə həqiqətə uyğun olmayan məlumatları Rusiya mediasında kök salmış erməni əsilli şəxslər yayır”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədli bu kimi yalan məlumatların tirajlanmasının arxasında erməni lobbisinin dayandığını düşünür: “Əvvəla, Ukraynanın Azərbaycandan aviabomba və yaxud da digər silah idxal etməyə ehtiyacı yoxdur. Birincisi ona görə ki, Qərb ən müasir silahlarla Ukraynanı təmin etməkdədir. Elə silahlar verilir ki, keçmiş SSRİ məkanında həmin silahlardan olmayıb. İkincisi, Azərbaycan silah ixrac edən dövlət deyil. Bəli, Azərbaycanda silah sənayesi var, amma hələlik bu, yerli ehtiyacları qarşılayır. Başqa bir tərəfdən, bildiyim qədər bizdə aviabomba istehsal olunmur. Hansısa ölkədə istehsal olunan aviabombaların Azərbaycan vasitəsilə Ukraynaya aparılmasına ehtiyac yoxdur. Üçüncüsü, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanısa da, humanitar yardım göstərsə də, müharibə məsələsində neytral mövqedən çıxış edir. Azərbaycandan Ukraynaya silah tədarük olunsaydı, o zaman Rusiyanın müvafiq qurumları bundan xəbər tutardı. Bu da iki ölkə münasibətlərinə mənfi təsir edərdi. İndiki dövrdə bu bizə lazımdırmı? Əlbəttə ki, yox. Belə həqiqətə uyğun olmayan məlumatları Rusiya mediasında kök salmış erməni əsilli şəxslər yayır. Bütün vasitələrlə çalışırlar ki, bunu gündəmdə saxlasınlar. Məqsəd Rusiya-Azərbaycan münasibətlərini korlamaqdır. Bununla ictimai rəyi çaşdırmaq istəyirlər”.
Vidadi ORDAHALLI