Rusiya mediası Prezident İlham Əliyevin bir müddət əvvəl Şimali Kipt Türk Cümhurriyəti Prezidenti Ersin Tatarla keçirdiyi görüşdən narahatdır. Bununla bağlı bir sıra versiyalar ortaya atılır.
Qeyd edilir ki, İkinci Qarabağ müharibəsində əldə olunan qələbə Azərbaycanı ŞKTC ilə yaxınlaşmaq baxımından cəsarətləndirib: “Qərb və Rusiya iqtisadi və hərbi sahədə fəal şəkildə qarşı-qarşıya gəlsə də, dünyanın digər ölkələri də boş oturmur. Azərbaycan da o ölkələrdən biridir. 1997-ci ildə Qarabağ və ətraf ərazilər Azərbaycan üçün həmişəlik itirilmiş kimi görünürdü. Lakin ikinci Qarabağ müharibəsi (2020) zamanı silahların köməyi və Türkiyənin hərtərəfli dəstəyi ilə Azərbaycan əvvəllər itirdiyi ərazilərin əhəmiyyətli hissəsini geri qaytardı. 2020-ci ilə qədər Ermənistan ümid edə bilərdi ki, Azərbaycan ehtiyatsızlıqdan ŞKTC-nin müstəqilliyini tanıyacaq, Kipr və Yunanıstan isə cavab olaraq Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Ancaq 2020-ci ildən sonra bu işləməyəcək. Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatdan bədxahlıqla yazan Azərbaycan mediasının ŞKTC-nin müstəqilliyinin beynəlxalq aləmdə, o cümlədən Türk Dövlətləri Təşkilatı tərəfindən tanınmasına hər cür dəstək verəcəyini gözləmək lazımdır”.
Görünən odur ki, Rysiyada müəyyən dairələr əlverişli beynəlxalq şəraitin bu istiqamətdə dəyişməyə doğru getməsindən narahatdır.
“Bunun yaxın perspektivdə baş verəcəyi ehtimalı böyükdür”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov Azərbaycanın hansısa məqamda ŞKTC-nin müstəqilliyini tanıyacağını istisna etmədi: “Prezident İlham Əliyevin ŞKTC Prezidenti Ersin Tatarla görüşməsi bunun nə vaxtsa baş verəcəyindən xəbəər verir. Özü də bunun yaxın perspektivdə baş verəcəyi ehtimalı böyükdür. Bəli, əvvəl Qarabağın işğal altında olması buna mane olurdu. Ona görə ki, Yunanıstan Qarabağda erməni separatçıları ilə bağlı analoji addım ata bilərdi. Ancaq hesab edirəm ki, indi belə bir risq yoxdur. Ona görə ki, ərazilərin böyük hissəsi işğaldan azad edilib. Yerdə qalan kiçik hissənin Azərbaycanın nəzarətinə keçməsi isə zaman məsələsidir. O zaman belə bir əlverişli vəziyyətin yaranması fonunda niyə də Azərbaycan bu addımı atmasın? Fikrimcə, Azərbaycan hərn an ŞKTC-nin müstəqilliyini tanımağa hazır olmalıdır. Azərbaycanın belə bir qərar qəbul etməsi digər türkdilli dövlətlərin də analoji addım atmasına təkan verə bulər. Bu səbəbdən antitürk dairələr bu qədər narahatdır”.
AMİP funksioneri onu da əlavə etdi ki, istənilən halda bu baş verəcək.
Vidadi ORDAHALLI