Azərbaycanda qanunsuz məskunlaşan ermənilər Laçını tərk edir. Ermənilər növbəti dəfə Azərbaycan ərazisində ekoloji terror törədiblər. Onların ərazilərimizə od vurmasını əks etdirən yeni görüntülər yayılıb. Dron vasitəsilə əldə olunan videolarda ermənilərin meşələrə, evlərə necə od vurduğu aydın şəkildə görünür.
Qeyd edək ki, bundan əvvəl də Laçını, Zabux və Sus kəndlərini tərk edən ermənilərin evləri, meşələri yandırması ilə bağlı videolar yayılmışdı. Baş vermiş hadisələrlə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən müvafiq cinayət işi açılıb. Lakin ermənilər bütün xəbərdarlıqlara baxmayaraq vəhşiliklərini davam etdirirlər. Bəzi ekspertlər hesab edir ki, vəziyyətin bu şəkildə davam etməsi Azərbaycan ordusunun müdaxiləsi ilə nəticələnə bilər. Hətta belə təkliflər var ki, Rusiya Federasiyasına da Azərbaycan dövləti tərəfindən müraciət olunmalıdır. Çünki Rusiya Sülhməramlı Qüvvələri prinsipcə Rusiya dövlətinə tabe olan silahlı birləşmələrdir və ona görə də, Rusiya dövlətindən oraya tapşırıq gəlsə ki, bu prosesləri nəzarətdə saxlasınlar, orada heç bir erməni heç nə yandıra bilməyəcək. Ancaq biz görürük ki, Rusiya bu məsələyə ciddi müdaxilə etmir. Azərbaycan ordusu vaxtından əvvəl Laçına girə bilərmi?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıülamasında bildirdi ki, erməni terrorçularının Laçında minalar basdırdığı faktı şəhəri tərk etmələri üçün verilən vaxtın Kəlbəcərdə və digər ərazilərdə olduğu kimi əleyhimizə işlədiyini təsdiq edir: “ Minaların piyada əleyhinə olması da göstərir ki, hədəf Laçına qayıdacaq mülki azərbaycanlılardır. Buna paralel olaraq, evlərin və meşələrin yandırılması ermənilərin bölgəni sakit tərk etmək niyyətində olmadığını təsdiqləyir. Heç kim təminat verə bilməz ki, kompensasiya almaq üçün yandırılmayan evlərə minalar qoyulmayacaq.
Bunların qarşısını almaq üçün, minaların basdırıldığı faktını əsas götürərək, çıxarılma prosesini Azərbaycan ordusunun müşaiyət etməsi tələbi irəli sürülə bilər. Elektrik enerjisinin dayandırılması tarixi irəli çəkilə bilər: Məlumatlara görə, Laçın şəhəri və Zabuxda qalan ermənilərə avqustun 20-dən sonra elektrik enerjisinin dayandırılacağı deyilib, bunu daha tez etmək ermənilərin çıxmasını sürətləndirər. Rus sülhməramlıları bu vəziyyətə seyrçi qalırsa, deməli özümüz əncam çəkməliyik. Azərbaycan ordusu istənilən vaxt öz ərazisində anti-terror əməliyyatları keçirə bilər. Bu vəhşiliklər davam edəcəyi təqdirdə, Azərbaycan ordusu heç nəyə məhəl qoymadan prosesə müdaxiləsini etməlidir”.
Məhəmmədəli QƏRİBLİ