Erməni mediasında Rusiyanın Ermənistanda hərbi əməliyyat keçirəcəyinə dair informasiyalar yayılıb. Ermənistanın “Epress.am” saytı yazıb ki, Rusiya Teleqram kanalları “İrəvanı qarşıda şən vaxtlar gözləyir, Ermənistanın denasifikasiyası qaçılmazdır” başlıqları altında yazılar dərc etdirir.
Erməni nəşrinin yazdığına görə, Rusiya Ermənistanın denasifikasiyası prosesinə başlamaq məcburiyyətində qalacaq: “Həqiqətən Moskvanın artıq İrəvana barmaq silkələmək vaxtıdır. Ermənistana “Müttəfiq özünü necə aparmalıdır” sualı verilməlidir. Kreml artıq İrəvanın bu hərəkətlərinə dözməyəcək və adekvat cavab tədbirləri görəcək”.
“...Ermənistanı hər bir formada cəzalandıra bilər”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun fikrincə, Rusiyanın Ermənistanda hərbi əməliyyatlar keçirməsi gözlənilən ssenari deyil: “Çünki Rusiyanın Ermənistanda hər hansı bir hərbi əməliyyat keçirməyə heç bir ehtiyacı yoxdur. Ermənistanın hakimiyyətində nə qədər Sorosçular və Qərbin imperialist dairələrinin yetişdirdiyi anti-Rusiya meylli adamlar olsa da, bütövlükdə o, dövlət olaraq Rusiyadan asılı vəziyyətdədir. Rusiya olmasa, demək olar ki, Qərbdəki erməni lobbisinin bütün yardımlarına baxmayaraq, Ermənistan tamamilə süquta uğramış, özünün mahiyyətini itirmiş bir dövlət halına gələ bilər. Ona görə də, Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər genişdir. Demək olar ki, Ermənistanın bütün dövlət aparatı birbaşa Rusiyadan asılıdır. Həmçinin, Rusiyanın Gümrüdə hərbi bazası yerləşir, bu ölkənin sərhədlərini Rusiya Federal Təhlükəsilik Xidmətinin hərbiçiləri qoruyur. Bu səbəbdən də, Rusiyanın Ermənistana təzyiq və təsir imkanları kifayət qədər genişdir. Hazırkı erməni iqtidarı Rusiyaya nifrət etsə də, Rusiya Nikol Paşinyan hakimiyyətinin tam olaraq müstəqil davrana bilməyəcəyini yaxşı dərk edir”.
T.İsmayılovun sözlərinə görə, bu baxımdan, hər bir formada Ermənistanın Rusiyadan asılılığı var ikən birdən-birə Rusiya xəttindən uzaqlaşması, bunun da nəticəsində Rusiyanın cavab tədbirləri üçün Ermənistanda hansısa hərbi əməliyyatlar keçirməsi o qədər də özünü doğruldan bir ssenari deyil: “Lakin Rusiya digər vasitələrdən istifadə edərək Ermənistanı hər bir formada cəzalandıra bilər. Eyni zamanda, Ermənistan Rusiya ilə birlikdə həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, həm də Avrasiya İqtisadi birliyində təmsil olunur. Yəni Rusiyanın Ermənistanı cəzalandırmaq üçün hər bir təsir və təzyiq imkanları mövcuddur”.
İradə SARIYEVA