İrəvandakı “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış Ermənistanın siyasi gündəminə ciddi təsir göstərməkdədir. Belə ki, Ermənistanın hazırkı hakimiyyətinə yaxın media vasitələri hadisənin arxasında Rusiyanın və onun Ermənistandakı əlaltılarının olduğuna dair eyhamlar vurur. Həmçinin qeyd edirlər ki, məhz Rusiya və onun himayə etdiyi qüvvələr partlayışın faciəli nəticələrindən istifadə etməyə çalışırlar.
Əslində, Paşinyan hökuməti tərəfdarlarının ittihamlarını əsassız saymaq doğru olmazdı. Ən azından ona görə ki, hələ 44 günlük müharibədən yaxşı tanıdığımız rusiyalı “muzdlu” hərbi jurnalist, Moskvadakı erməni lobbisinin xidmətçisi Semyon Peqov partlayışla bağlı müxtəlif təxribat xarakterli məlumatlar paylaşıb.
O, öncə partlayışın qatı anti-Rusiya mövqeli ekstremist “sasna tsrer” təşkilatı tərəfindən törədildiyini iddia edib. Daha sonra hadisənin miqyasını şişirdərək, partlayış nəticəsində az qala yüzlərlə insanın öldüyünü, onların arasında uşaqların da olduğunu bildirib. Faciədən Ermənistan hakimiyyətini ittiham etmək üçün bəhanə kimi istifadə edən Peqov və onun şəriki Mika Badalyan, eləcə də digər Rusiya təbliğatçıları bununla da əhali arasında panika yaymağa çalışıblar.
Ermənistanda bu yöndə cərəyan edən hadisələrlə bağlı bizim ekspertlər nə düşünür?
Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda baş verən partlayışda çoxlu sayda insan ölüb və yaralanıb, hətta itkin düşənlər də var:
“Faciənin miqyasının genişliyi Ermənistanda böyük hay-küyə səbəb olub. Rusitanın bu işdə əlinin olması ictimai rəydə geniş müzakirə edilir. Hətta vəziyyət o həddə çatıb ki, İrəvandakı Rusiya səfirliyi öz etirazını bildirib. Onların bəyanatında bildirilir ki, belə hadisələr Rusiya ilə Ermənistan arasında olan dostluq və müttəfiqlik münasibətlərinə xələl gətirə bilər. Səfirlik bəyan edir ki, əksinə, Rusiya partlayışın aradan qaldırılmasında Ermənistana ciddi kömək edib. Müxalifətyönümlü partiyalar bu məsələdə Rusiyanı ittiham etməyə davam edir. Ermənistanın rəsmi dairələri isə bu işdə terror əməlinin olmasını inkar edir. Hadisənin ehtiyatsızlıqdan baş vetdiyini deyir. Ermənistanın baş naziri də bunun terakt olmadığını bəyan edib. Hətta deyirlər ki, həmin bazarda 2021-ci ildə yoxlama aparılıb və texniki çatışmazlıqlar aşkar olunub. Bəzi qüvvələrin bu yöndə gərginlik yaratması bizə əlverişli şərait yaradır. Rusiya ilə Ermənistanın münasibətinin soyuması bizə çox faydalıdır. Birinci Qarabağ müharibəsində Rusiyanın dəstəyi ilə ermənilər bizim ərazilərimizi işğal etdi. 44 günlük müharibədə isə neytrallıq nümayiş etdirsə də, əl altdan Ermənistana silah ötürdü. Rusiyanın Semyon Peqov kimi bəzi ekstremist qüvvələri də bu hadisədə özlərinə sərf edən versiyaları irəli sürürlər. Ermənistanda anti-Rusiya təbliğatının yaxın zamanda daha da sürətlənəcəyi gözlənilir”.
Məhəmmədəli QƏRİBLİ