Rusiyanın Ukraynaya qarşı müharibəsi 6-cı aydır ki, davam edir. Çoxlarının gözlədiyinin əksinə olaraq, Ukrayna ordusu dünyanın ikinci ən güclü ordusu sayılan rus ordusuna müqavimət göstərir, hətta ona ağır zərbələr endirir. Artıq bir neçə həftədir ki, Ukrayna ordusunun Xerson istiqamətində geniş çaplı əks-hücum əməliyyatı gözlənilir. Lakin hələ ki, gözləntilər özünü doğrultmur və bu istiqamətdə irəliləyiş nəzərə çarpmır.
Urkayna Krıma da həmlələr edir. Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, ukraynalı hərbçilər artıq Xerson vilayətində əks-hücuma keçib. Amma onlar səliqəli, düşünülmüş və kreativ olaraq hərəkət edir, düşmənin döyüş hazırlığına təsir edən kritik mühüm obyektləri məhv edir. Onun sözlərinə görə, Ukrayna hər bir addımı planlaşdıraraq və əvvəlcədən onun səmərəliliyini dəyərləndirərək hərəkət edir: "Biz axı Rusiya kimi döyüşmürük. O, böyük kolonlar formalaşdırır, nə qədər insanın həlak olmasından asılı olmayaraq, bir istiqamətə göndərir". O, həmçinin deyib ki, Ukrayna rəhbərliyi ehtimal belə etmir ki, "Xerson işğalçılarda qalacaq", bütün ukraynalılar üçün bu şəhəri işğaldan azad etmək prinsipial məsələdir. Qeyd edək ki, belə taktika bəzi uğur gətirir. Ehtimal ki, Krımda baş verən partlayışlar Ukrayna hərbi komandanlığının planının bir hissəsidir. Qeyd edək ki, bir neçə ay əvvəl Ukrayna rəsmiləri avqust ayında müharibədə dönüşün olacağını proqnozlaşdırırdılar. Hazırda həmin dönüşün baş verdiyini iddia etmək olarmı?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, faktiki olaraq, əks-hücum gedir: “Sadəcə, biz əks-hücum deyəndə əsasən 2-ci Dünya müharibəsindəki əks-hücumları göz önünə gətiririk. Yəni artilleriya vurur, tanklar və piyadalar hücuma keçir, havada təyyarələr uçuşur və s. Hazırda Ukrayna Ordusu əks-hücum hərəkətləri edir. Ukrayna Rusiyanın arxada olan ehtiyatlarını məhv edir. Bunlar da əks-hücum əməliyyatlarıdır. Krımda hərbi aerodomu vurub. Bəzi mənbələrə görə, həmin zərbə nəticəsində 20-yə qədər təyyarə məhv edilib. Sadəcə, Ukrayna öz əsgərlərini qoruyur, onları qırğına vermir. Ona görə də bizim zənn etdiyimiz əks-hücum yoxdur. Amma hərbi-texniki baxımdan əks-hücum gedir. Yavaş-yavaş körpüləri dağıdırlar, kommunikasiyanı vururlar, anbarları məhv edirlər. Gün ərzində bir neçə kəndi götürürlər. Unutmayaq ki, yaşayış məntəqələrində mülki insanlar var. Ukrayna Ordusu onları öz vətəndaşı sayır və qoruyur. Rusiya isə şəhərləri, kəndləri dağıdır, çünki bunlar Ukrayna əhalisidir. Odur ki, Ukrayna məcburdur daha ehtiyatlı hərəkətlər etsin. Ukrayna NATO-nun iyunda Madriddə keçirilən sammitində Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə Krım körpüsünün məhv edilməsini müzakirə edib. Bu barədə Ukrayna Radasının deputatı Aleksey Qonçarenko məlumat verib. Bundan başqa, Uollesin Ukraynaya M 270 reaktiv yaylım atəşi sistemləri və raketləri, M 31A 1 idarəolunan raketlər veriləcəyi ilə bağlı vəd də verib. Hadisələrin gedişi göstərir ki, Qərb Ukraynaya dəstəyini artırıb. Ukrayna ordusunun əks-hücuma keçdiyini deyə bilərik. Belə gedərsə, müharibədə əsaslı dönüşün şahidi olacağıq”.
Məhəmmədəli QƏRİBLİ