Azad Vətən Partiyası Qarabağ Azadlıq təşkilatının varisi olaraq yaranır...

Akif Nağı: “Qurultayda nəzərdə tutulur ki, QAT yenidən təşkil olunaraq Azad Vətən Partiyasına çevirilsin”

img

“Qarabağ Azadlıq Təşkilatı təxminən 30 illik fəaliyyət dövrü keçib. Bu illər ərzində görülən işlər də bütün cəmiyyətə məlumdur. Biz işlərimizi həmişə davam etdirmişik. Sadəcə, Qarabağ müharibəsində qazandığımız böyük zəfərdən sonra əsas məsələlərin böyük hissəsi öz həllini tapdı. Qarabağın böyük hissəsi işğaldan azad olundu və razılaşmaya əsasən də geridə qalan ərazini isə Rusiya sülhməramlıları və Ermənistan hərbiçiləri tərk etməlidir.

Ona görə də yeni şəraitdə ictimaiyyətdə də çoxlu suallar yaranırdı ki, Qarabağ Azadlıq Hərəkatının adı dəyişəcək, yoxsa ləğv olunacaq? Bu məsələ son bir ildir ki, müzakirə olunurdu. Təxminən 3-4  ay bundan əvvəl biz intensiv müzakirələrə başladıq. Bir neçə variant vardı. İyun ayının 18-ə qurultay təyin etsək də, müzakirlərimiz bitmədiyi üçün həmin qurultayı təxirə saldıq. Nəhayət, qanunvericiliyə istinad edib belə qərara gəldik ki, Qarabağ Azadlıq Təşkilatını ləğv etmək yox, onu  yenidən təşkil edərək partiyaya çevirək. Biz qanunun o maddəsindən istifadə etdik. Qurultayda nəzərdə tutulur ki, QAT yenidən təşkil olunaraq Azad Vətən Partiyasına çevirilsin. QAT partiyaya çeviriləcək”. Bu fikirləri QAT sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında Qarabağ Azadlıq Təşkilatı (QAT) İdarə heyətinin qərarına uyğun olaraq təşkilatın partiyaya çevrilməsi üçün avqustun 17-də  çağırılan qurultayla bağlı danışarkən deyib.

O qeyd etdi ki, Qarabağla bağlı  indiyə qədər görülən işlər, fəaliyyətlər eyni istiqamətlər üzrə davam etdiriləcək. “Təşkilatın proqramında da göstərilir ki, Azad Vətən Partiyası Qarabağ Azadlıq Təşkilatının varisi kimi meydana gəlir. Siyasi müstəvidə fəaliyyətə üstün veririk. Yəni Azərbaycan Prezidentinin siyasi islahatları partiyanın fəaliyyəti üçün münbit bir şərait yaradıb, normal, sağlam əməkdaşlıq mühiti var. Hesab edirik ki, daha geniş miqyasda fəaliyyət göstərmək üçün partiyanın imkanları genişdir. Biz bu məqsədlə partiya yaratmaqla bağlı qərara gəldik”- deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər