Britaniya XİN-in London səfirliyimizə qarşı təxribata münasibəti dönə-dönə təhlil edilir...

Rəşad Bayramov: “Azərbaycanın Xarici İşlər Nazirliyi və digər qurumları bununla bağlı çox ciddi şəkildə Böyük Britaniya qarşısında məsələ qaldırmalıdır ki, ən azından həmin şəxslər Azərbaycana təhvil verilsin”

img

Böyük Britaniya hökuməti Azərbaycanın Londondakı səfirliyində baş vermiş insidentdən təəssüfləndiyini bildirib.

Bu barədə Böyük Britaniyanın xarici işlər nazirinin müavini Qrem Stüartın Azərbaycan səfiri Elin Süleymanov ilə görüşündən sonra yaydığı bəyanatda deyilir:

“Böyük Britaniya hökumətinin bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinə sadiqliyinin vacibliyini vurğuladım və baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiyimi bildirdim. Böyük Britaniya azadlıq hüququnu dəstəkləmək ənənəsini uzun müddətdir davam etdirir”. Xatırladaq ki, avqustun 4-də bir qrup dini radikal Londonun mərkəzində yerləşən Azərbaycan səfirliyinin binasına hücum edib. Hücum edənlər diplomatik nümayəndəliyin eyvanından dini bayraq asıb və dini şüarlar səsləndiriblər. Səkkiz hücumçu yerli polis tərəfindən saxlanılıb.

Əslində, Böyük Britaniya üçün bu olduqca ciddi bir hadisədir. Özünü hüquqi dövlət sayan Britaniyada belə bir hadisənin baş verməsi həmin ölkənin öz imicinə ağır zərbədir ki, asayişi qoruya bilmirlər. Britaniya rəsmisinin bu hadisədən sadəcə təəssüf hissi keçirməsi bizim üçün yetərli sayıla bilməz. Hər halda, Böyük Britaniya adından bu hadisə ilə bağlı danışanlar onu törədənləri, baş vermə səbəbini kəskin tənqid etməlidirlər.

Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Aparatının rəhbəri Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  Böyük Britaniya hökümətinin baş verən bu cür ciddi hadisədən sadəcə təəssüfləndiyini bildirməsi heç bir halda bizim üçün qənaətbəxş sayıla bilməz: “Həmin açıqlamada  bir cümlə də var. Ən maraqlı olanı da elə budur. Qeyd edilir ki, “Böyük Britaniya azadlıq hüququnu dəstəkləmək ənənəsini uzun müddətdir davam etdirir”. Bununla Böyük Britaniya  höküməti həmin radikal qurupun etiraz hüququnun olmasını da diqqətə çatdırmaq istəyir. Bu fikir ümumiyyətlə qəbuledilməzdir. Çünki etiraz hüququ bu üsulla həyata keçirilmir. Böyük Britaniyanın siyasi kursunu bəyənməyənlər, onun səfirliyinə qarşı analoji addımı atsalar nə olar? Azərbaycanın gözləntisi əslində bu idi ki, həmin dini təşkilatın qeydiyyatı ləğv edilsin. Dünyanın bir çox ölkəsində həmin təşkilatın fəaliyyəti qadağan edilib. İkincisi isə, saxlanılan şəxslərin mühakiməsi də Azərbaycanda olmalıydı. Çünki səfirlik Azərbaycanın ərazisi sayılırsa, onda həmin təşkilat bizim ərazimizə hücum etmiş sayılır. Azərbaycanın  Xarici İşlər Nazirliyi və  digər qurumları bununla bağlı çox ciddi şəkildə Böyük Britaniya qarşısında məsələ qaldırmalıdır ki, ən azından həmin şəxslər Azərbaycana təhvil verilsin. Bu hadisəyə yalnız təəssüflənməklə nöqtə qoyula bilməz. Bu cür ifadə növbəti mərhələdə səfirliklərimizə qarşı başqa terror aktlarının da həyata keçirilməsini  stimullaşdıra bilər. Böyük Britaniya höküməti bu məsələdə öz məsuliyyətinin ciddiliyini dərk etməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər