Rüşdi illər sonra kimin qəzəbinə gəldi - İranın, ya İran düşmənlərinin?..

Tural İrfan: “Deməli, söhbət hansısa geniş layihənin tərkib hissəsindən gedir”

img

Məlum olduğu kimi, məşhur yazıçı Salman Rüşdi bir neçə gün əvvəl  Nyu-Yorkda hücuma məruz qalıb. Hadisə şahidlərinin sözlərinə görə, Salman Rüşdi tədbirlərin birində məruzə edərkən bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq ona hücum edib. Dünya şöhrətli yazıçının səhhəti ilə bağlı məlumatlar ürəkaçan deyil.

Onun, hətta sağalacağı təqdirdə görmə qabiliyyətini itirəcəyi deyilir. Qeyd edək ki, ona edilən hücuma səbəb 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabı olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş və hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi. Kitabda İslam dininə xas təməl prinsiplərinin modern çağla uyğunlaşdırılması halları var. Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən, kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub. Ən maraqlısı yazıcıya sui-qəsdin həyata keçirildiyi zamandır. Maraqlıdır,  bu hadisənin arxasında İran durur, yoxsa İranı hədəfə gətirmək istəyən qüvvələr? Bunu İran edibsə, niyə məhz indi buna nail ola bilib?

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Salman Rüşdinin məlum kitabının nəşrindən sonra İran lideri onun haqda ölüm fətfası vermişdi: “Məlumdur ki, İran  həmin zamandan sonra bir çox ölkələrdə terror hadisələri həyata keçirib. Bizim ölkədə  də analoji hadisələr baş verib. Mərhum akademik Ziya Bünyatovun öldürülməsi hadisəsini də bu qəbilə aid edə bilərik. Mən düşünürəm ki, İran dövlətinin özü Qərbin böyük layihəsidir. Burada Fransa, İngiltərənin  rolu danılmazdır. Çünki indiyə qədər bununla bağlı etiraflar var.  İran rəsmiləri etiraf ediblər ki, Taliban əleyhinə Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqədə olublar. Salman Rüşdi məsələsi də onların birlikdə tərtib etdiyi plandır. Britaniyada bizim səfirliyə edilən hücuma diqqət edək. Zahirən belə göründü ki, həmin hadisəni edənlər şiə olsalar da, İran hakimiyyətinə müxalif olan qüvvələrdi. Əslində isə hamısı vahid mərkəzdən idarə edilir. Salman Rüşdinin reytinqi də məhz Xomeyninin verdiyi fətfadan sonra qalxdı. Ona qədər həmin yazıçını kimsə tanımırdı. Onun yazdığı kitabın İslama elə bir ciddi təsiri yoxdur. Görürsünüz ki, İranın bu məsələdə səsi çıxmır. Bu onu deməyə əsas verir ki, İran planın içində olub. İstisna etmirəm ki, bu məsələdə ABŞ-la əldə olunan razılaşma da var. Yəqin ki, sonda bu hadisənin törədilməsini hansısa başqa bir dövlətin üzərinə atacaqlar. Mən hesab edirəm ki, bu hadisə ilə bizim Britanityadakı səfirliyimizə edilən hücum arasında bir əlaqə var. Yəni İranın digər qeyri-müsəlman ölkələrinin ortaq layihələridir. Ola bilər ki, mənim dediyim bir az qəribə gəlsin, ancaq bu belədir. İran 30 il ərzində Rüşdini vurmağa yalnız indi imkan tapdı? Deməli, söhbət hansısa geniş layihənin tərkib hissəsindən gedir”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər