Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur:
“Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistana bunun nə dəxli var? Bu bizim daxili işimizdir. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyindən. Mən də demişəm, bəli, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm". Dövlət başçısı qeyd edib ki, yeni Laçın yolunun inşası zamanı biz bunu gördük: “Çünki biz bu yolu təzə inşa etməyə başlayanda rus sülhməramlıları bizim inşaatçıları elə bil ki, yerli əhalidən qoruyurdu, ya da ki, onları bizdən, bizim inşaatçılardan. Bilmirəm kimi kimdən qoruyurdu, amma hər halda onlar orada var idi. Bir müddətdən sonra onlar çıxıb getdilər”.
Təqribən son 6-7 ay ərzində, ümumiyyətlə, yol boyunca bir dənə də Rusiya sülhməramlısının olmadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib: "Bizim inşaatçılar orada, kəndlərdə yaşayan yerli ermənilərlə təmasda idilər, hətta onların bəziləri gəlib kömək edirdi. Təşəkkürünü bildirirdi ki, belə keyfiyyətli yol tikirik. Ermənistanın tarixində, nəinki Qarabağın, belə keyfiyyətli yol olmayıb. Onların tikdirdiyi yollar indi dağılır, hələ bir il keçməyib. Ona görə bu təmaslar artıq gedir və bu, çox önəmlidir. Mən də bunu alqışlayıram. İnsanlar arasındakı təmaslar uzunmüddətli sülhə xidmət göstərəcək".
Göründüyü kimi, Prezident bir daha qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında olan normallaşma prosesində ümumiyyətlə Qarabağ məsələsi yoxdur. Bundan daha hansı nəticələri çıxara bilərik?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erməni rəsmiləri Qarabağa status mövzusunu daima aktuallaşdırmağa cəhdlər edirlər: “Ermənistan baş naziri Nikol Paşinyan açıq bəyan edib ki, status məqsəd deyil, oradakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün bir vasitədir. Onlar hesab edir ki, əvvəllər danışıqların əsasını Qarabağın statusu təşkil edirdisə, indi əsas hüquq və təhlükəsizlikdir, status bundan yaranan bir məsələdir. Ancaq Azərbaycan hesab edir ki, ermənilərin təhlükəsizliyini, hüquq və azadlıqlarını həqiqətən təmin edən istənilən status bizim üçün məqbul deyil. Yada salaq ki, son Brüssel görüşündən sonra da erməni rəsmiləri Qarabağa status mövzusunu yenidən aktuallaşdırmağa cəhdlər edirlər. Hətta belə iddialar vardı ki, guya Bakı Qarabağa mədəni muxtariyyət təkliflərinə razılıq verə bilər. Amma bu iddialar təsdiqlənmədi. İndi isə Paşinyan Bakını çox da qıcıqlandırmadan bu mövzunu gündəmə gətirərək, yenidən ermənilərin təhlükəsizlik məsələsindən danışır. Azərbaycan bu məsələyə tam nöqtə qoyub. Dəfələrlə ən ali səviyyələrdə bəyan edilib ki, Qarabağa geç bir status verilən deyil. Prezident son müsahibəsində buna bir daha nöqtə qoydu ki, iki ölkə arasında gedən normallaşma prosesindəki danışıqlarda Qarabağ mövzusu yoxdur. Bizim aramızda söhbət sərhədlərin dəqiqləşməsi, Zəngəzur dəhlizi və digər kommunikasiyaların bərpası istiqamətində aparılır. Azərbaycan tərəfi erməni vətəndaşlarının təhlükəsizliyinin və hüquqlarının qorunacağını ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Azərbaycan Konstitusiyasına əsasən, ölkə ərazisində yaşayan bütün vətəndaşların milli, dini mənsubiyyətindən asılı olmayaraq hamısının hüquq və azadlıqları bərabərdir. Azərbaycan dövləti bütün vətəndaşlarının hüquqlarını qoruyur. Azərbaycan qanunvericiliyində hər hansı bir etnik qrupa fərqli hüquq və azadlıqlar verilməsi nəzərdə tutulmur. Hər bir vətəndaş üçün eyni hüquq və azadlıqlar nəzərdə tutulub. Qarabağda yaşayan ermənilərin Azərbaycan ərazisində yaşayan başqa heç bir millətdən üstünlüyü yoxdur və ola da bilməz. Prezident son çıxışı ilə bir də bu məsələyə nöqtə qoydu ki, Qarabağ mövzusu müzakirə predmeti ola bilməz”.
Məhəmmədəli QƏRİBLİ