“Qisas” əməliyyatının Ermənistana mühüm dərsini Prezident belə ifadə etdi...

Samir Adıgözəlli: “Ermənilər bilməlidir ki, Azərbaycan ərazisində dövlətçiliyimizə və suverenliyimizə qarşı atılan hər bir addım belə amansız cəza tədbiri ilə cavablandırılacaq”

img

Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində ordumuzun Qarabağda həyata keçirdiyi “Qisas" əməliyyatından danışıb:

“Bu,  Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdən bir bunu unudur. Ona görə bu faciəvi hadisələr baş verir".

Müharibədə Zəfər çaldığımızı, ərazi bütövlüyümüzü bərpa etdiyimizi xatırladan dövlət başçısı bildirib: “Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik. Bir daha demək istəyirəm, əgər yenə də buna oxşar təxribat təkrarlanarsa, cavab daha sərt olacaq, daha da peşman olacaqlar, daha gur səslə imdad diləyəcəklər. Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq”.

Azərbaycan Prezidenti vurğulayıb ki, bizim istəyimiz erməni silahlı birləşmələrinin Qarabağı birdəfəlik tərk etmələridir. Bu, Ermənistanın öhdəliyidir. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib.

Prezidentin “Qisas” əməliyyatı ilə bağlı verdiyi təsvir Azərbaycan dövlətinin gücü və qüdrətini aydın təsəvvür etməyə nə dərəcədə imkan verir?

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Qisas” antiterror əməliyyatı növbəti erməni təxribatına qarşı tutarlı cavab oldu: “Ermənilər bilməlidir ki, Azərbaycan ərazisində dövlətçiliyimizə və suverenliyimizə qarşı atılan hər bir addım belə amansız cəza tədbiri ilə cavablandırılacaq. Bu Qarabağ ərazisində qeyri-qanuni fəaliyyət göstərən kriminal qruplar üçün bir dərs olmalıdır. Seçdikləri yolun perspektivsiz olduğunu anlayan təxribatçılar və terrorçular silahı yerə qoyub Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olmalı və ya ölkə ərazisini tərk etməlidirlər. Hesab edirəm ki, “Qisas” əməliyyatı bunu düşmənlərimizə anlatdı. Onlar dərk etməlidir ki, Vətən müharibəsindən sonra bu günə qədər imzaladığı üçtərəfli bəyanatlarla nəzərdə tutulmuş müddəaların hamısını qeyd-şərtsiz yerinə yetirməlidirlər. Dəfələrlə dediyimiz kimi, Ermənistanın başqa yolu yoxdur və onun nicatı Azərbaycanın əlindədir. Prezidentin çıxışından bir daha aydın oldu ki, tutacağı qeyri-konstruktiv yolda Ermənistana heç bir qüvvə kömək edə bilməyəcək. Azərbaycan nəyin bahasına olursa-olsun öz yurisdiksiyasını bütün Qarabağ ərazisində tez bir zamanda bərpa edəcək. Təbii ki, bütün bu inam həm də Azərbaycanın qüdrətli və qalib ölkə olduğu ilə şərtlənir. Bu yolda biz sona qədər gedəcəyik. Ermənistan və onun havadarları Prezidentin çıxışından özləri üçün ciddi nəticələr çıxarmalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər